Tramp BMT-nin Baş Assambleyasındakı çıxışında Çinə sərt mesajı olduğunu bildirir

ABŞ prezidenti Donald Tramp Çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında əvvəlcədən lentə alınmış çıxışı ilə bağlı bildirib ki, çıxışına “Çinə qarşı güclü bir mesaj” da daxildir.

Bazar ertəsi jurnalistlərlə danışarkən Tramp Çinlə əlaqəli mövzulardan heç birini açıqlamayıb. Lakin çərşənbə axşamı səhər çıxışın yayımlanan mətnində Çini koronavirusla bağlı yenidən tənqid etməsi və Trampın Ümumünya Səhiyyə Təşkilatının Çinə çox yaxın olması barədə ittihamı daxil edilib.

ABŞ-ın ÜST-yə ayırdığı maliyyəni kəsən Tramp BMT agentliyini və Çini xəstəliyin ilk mərhələsində epidemiyanın qarşısını almaq üçün yetərli iş görmədikləri üçün günahlandırır.

Ağ Evdən verilən məlumata əsasən Tramp deyib ki, "Birləşmiş Millətlər Təşkilatı Çini hərəkətlərinə görə cavabdeh tutmalıdır".

Digər tərəfdən, Tramp administrasiyası koronavirusla mübarizəyə gör kəskin tənqidlərə məruz qalıb. Hazırda ABŞ 6.9 milyon təsdiqlənmiş yoluxma və 200000-dən çox ölüm hallarının sayına görə dünyada liderdir.

Trampın nitqində həmçinin ABŞ-ın xəstəliklə mübarizədə səylərini müdafiə edilərək, “İkinci Dünya Müharibəsindən bəri ən ciddi səfərbərlik” adlandırılır.

"Biz peyvəndi paylayacağıq, virusu məğlub edəcəyik, pandemiyaya son qoyacağıq və görünməmiş bir firavanlıq, əməkdaşlıq və sülhün yeni bir dövrünə qədəm qoyacağıq" - deyə, Tramp qeyd edib.

Koronavirus pandemiyası dünya liderlərinin Nyu-Yorkda toplandığı və Baş Assambleyada çıxış etmək üçün növbələrini gözlədikləri illik tədbirin formatını tamamilə dəyişdirib. Tramp çıxışının bazar ertəsi lentə alındığını bildirib.

Çıxışda həmçinin ABŞ-ın Serbiya ilə Kosovo arasında iqtisadi əməkdaşlığa dair son vasitəçilik səyləri, İsrailin Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərinin normallaşdırılması üçün sazişlərin əldə edilməsinə ABŞ-ın vasitəçiliyinə yer verilib.

Tramp 2001-ci ildən bəri ABŞ qüvvələrinin yerləşdirildiyi Əfqanıstandakı müharibənin dayandırılması səylərini də müzakirə edib. Noyabr ayına qədər hərbi qüvvələrin sayının 4500 nəfərə qədər azaldılması planlaşdırılır.

“Bildirdiyimiz kimi, Amerika Birləşmiş Ştatları həm də Əfqanıstandakı müharibəni bitirmək üçün çalışır və biz əsgərlərimizi evə gətiririk. ABŞ sülh yaratmaq vəzifəsini yerinə yetirir" - deyə, Tramp qeyd edib.

Çıxışın digər bir mözvzusu isə İrana tətbiq olunan sanksiyalarla bağlıdır. Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin əksinə olaraq, İrana qarşı ölkənin nüvə proqramına dair 2015-ci il beynəlxalq razılaşması ilə əlaqədar sanksiyaları yenidən tətbiq edib.

İranla nüvə sazişini imzalayan digər tərəflər ABŞ-ın addımını rədd edərək, Tramp administrasiyası 2018-ci ildə müqavilədən çəkildiyi üçün onun Təhlükəsizlik Şurasının təsdiqlədiyi sanksiya mexanizminin işə salınması hüququ olmadığını iddia edir.

Trampın müraciətində ABŞ-ın maraqlarının çoxtərəfli səylərdən üstün tutulmasını da yer alır.

“On illərdir ki, eyni yorğun səslər qlobal ambisiyaları öz xalqlarının hesabına həyata keçirərək eyni uğursuz həlləri təklif edirdi. Lakin yalnız öz vətəndaşlarınızın qayğısına qaldıqda əməkdaşlıq üçün həqiqi bir əsas tapacaqsınız”, Tramp bildirib.