Tramp Parisdə Bastiliya günündə iştirak etmək üçün dəvəti qəbul edib

Prezident Donald Tramp iyulun 14-də Parisdə Bastiliya günü münasibətilə təntənələrə qatılacaq. Bu haqda Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Tramp Fransa prezidenti Emmanuel Makronun dəvətini qəbul edib. Ağ Evin bəyanatında deyilir ki, ABŞ prezidenti Amerika və Fransa arasında güclü dostluq münasibətlərini yenidən təsdiq etməsini səbirsizliklə gözləyir.

Makron iki lider arasında çərşənbə axşamı günü baş tutan telefon söhbəti zamanı Trampı Bastiliya günü təntənələrində iştirak etməyə dəvət edib.

Ağ Evin bəyanatında bildirilir ki, “iki lider telefon söhbəti zamanı Yaxın Şərqdə hazırkı vəziyyəti müzakirə edib və Hamburq şəhərində qarşıdan gələn Böyük 20-lərin sammitinin gündəliyini nəzərdən keçirib”.

Tramp və Makron sonuncu dəfə may ayında Brüsseldə NATO-nun sammitində görüşüblər.