Şimali Koreyanın hərbi təhdidləri zamanı ABŞ prezidenti Amerikanın nüvə arsenalının olmadığı qədər güclü və qüdrətli olduğunu bəyan edib.
Şərhlərində Donald Tramp yazıb ki, yanvar ayında hakimiyyətə başladığı müddətdən bəri nüvə arsenalı müasirləşdirilib. Prezident bu silahlardan heç vaxt istifadə edilməyəcəyinə ümid bəslədiyini bildirib. O deyib deyib ki, elə bir vaxt gəlməyəcək ki, Amerika dünyanın ən qüdrətli ölkəsi olmasın.
Tramp bunları Şimali Koreyaya ciddi xəbərdarlığından sonra yazıb.
“Yaxşı olardı ki, onlar bir daha Birləşmiş Ştatları hədələməsinlər. Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər.”
Prezident Tramp bu bəyanatı Nyu Cersi ştatının Bedminister şəhərindəki özəl qolf kulubunda verib. O, Şimali Koreya lideri Kim Conq Unu “hədələyici” ton sərgiləməkdə günahlandırıb.
Tramp daha sonra xəbərdarlığını təkrar edərək bildirib ki, totalitar kommunist ölkəsi “atəş, qəzəb - və sözün açığı - dünyanın indiyədək görmədiyi bir qüdrətlə üzləşəcək.”
Trampın bəyanatından bir neçə saat sonra Şimali Koreya ABŞ-ın Sakit okeandakı ərazisi olan Quamı raketlə vurmağı “ehtiyatla nəzərdən keçirdiyini" bəyan edib.