Tramp: ABŞ hərbi qüvvələri USS Cole gəmisinə hücumun təşkilatçısını qətlə yetirib

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 2000-ci ildə 17 dənizçinin həlak olması ilə nəticələnən USS Cole gəmisinə hücumun təşkilatçısını qətlə yetirdiyini bildirib.

“Bizim möhtəşəm hərbçilərimiz Cole gəmisinə qorxaqcasına hücumda həlak olan və yaralanan qəhrəmanların adından ədaləti təmin edib. Biz hücumun başçısı Camal Əl-Bədəvini qətlə yetirmişik”, Tramp Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

ABŞ prezidenti Birləşmiş Ştatların Əl-Qaidəyə qarşı mübarizəni davam etdirdiyini əlavə edib. “Biz heç vaxt radikal islam terrorizminə qarşı mübarizəni dayandırmayacağıq!”, Tramp yazıb.

Keçən həftə ABŞ hərbi qüvvələrinin rəsmiləri bir neçə gün bundan əvvəl Birləşmiş Ştatların çərşənbə axşamı günü Yəmənin Marib vilayətində keçirdiyi raket hücumu zamanı Əl-Bədəvinin hədəf alındığını bildiriblər. O, ABŞ gəmisinə bomba hücumunun təşkilində günahkar tanınan altı Əl-Qaidə əməliyyatçısından biri idi. Əl-Bədəvinin adı həmçinin Federal Təhqiqat Bürosuun axtarışda olan terrorçular siyahısında göstərilirdi.

ABŞ-ın Mərkəzi Komandanlığının sözçüsü, hərbi dəniz qüvvələrinin kapitanı Bill Urban deyib ki, Birləşmiş Ştatlar hərbi qüvvələri hücumun nəticələrinin qiymətləndirilməsini davam etdiir. Lakin Tramp Əl-Bədəvinin öldürüldüyünü bildirib.

2000-ci ilin oktyabr ayında Ədən limanında ABŞ-ın USS Cole gəmisinə hücum nəticəsində Amerikanın 17 dənizçisi həlak olmuş, onlarla dənizçi yaralanmışdı. Hücuma görə məsuliyyəti öz üzərinə Əl-Qaidə götürmüşdü.

Əl-Bədəvi Yəmən rəsmiləri tərəfindən 2000-ci ildə həbs edilmişdi. O, 2003-cü ildə həbsxanadan qaçmış və 2004-cü ildə Yəmən rəsmiləri tərəfindən ələ keçirilmişdi. Lakin 2006-cı ildə o, həbsxanadan yenidən qaça bilmişdi.