Seçkilərə üç aydan az bir vaxt qalmış prezidentliyə Respublikaçı namizəd Donald Tramp mübahisələrə səbəb olan çıxışları və rəy sorğularında aşağı düşən rəqəmlərin kölgə saldığı seçki kampaniyasını bərpa etməyə çalışır.
Donald Trampın impuls verməyə çalışdığı seçki kampaniyasında son nitqi bu seçkidə çoxlarını narahat edən iqtisadiyyatla bağlı olub.
Donald Tramp: “Biz dünyaya göstərməyə hazırıq ki, Amerika geri qayıdıb. Hər zaman olduğundan daha güclü, daha möhtəşəm və daha qüdrətlidir.”
Tramp Detroytdə çıxışı zamanı vergilərin azaldılması, yeni iş yerlərinin açılması və ticarət müqavilələrinin yenidən nəzərdən keçirilməsini əhatə edən iqtisadi planını açıqlayıb. Etirazçılar dəfələrlə onun çıxışına mane olmağa çalışıb.
Tramp mühüm ştatlarda irəlidə gedən rəqibi Hillari Klintonu keçmək üçün seçki kampaniyasını canlandıra biləcəyinə ümid edir.
Nyu-Yorkun sabiq meri Rudi Culiani gərginl olan respublikaçıları sakitləşdirməyə çalışır.
Rudi Qiuliani: “Mən Corc Buşu xatırlayıram. O, 1988-ci ildə demokrat Maykl Dukakisdən 16 xal geri idi. Ona görə də qoy hamı sakitəşsin.”
Florida ştatında seçki kampaniyasını davam etdirən Klinton seçiciləri Trampın vədlərinə şübhə ilə yanaşmağa çağırıb. O, Trampın gələcəyə dair baxışlarını bədbin adlandırıb.
Hillari Klinton: “Mən müsbət və nikbin gələcək qurmaq istəyənlərin tərəfində olduğuma görə qürur duyuram. İqtisadiyyat təkcə yuxarılar üçün deyil, hamı üçün bəhrə verməlidir.”
Təhlilçi Tom Defrankın fikrincə, Tramp seçkinin dinamikasını dəyişmək imkanını gələn ay başlayacaq debatlara qədər əldə etməyə bilər.
Tom Defrank: “Sentyabr ayının 26-ı Nyu-Yorkda Lonq Aylenddəki Hoftsra Universitetində keçiriləcək debatda nəsə göstərəcək. Həmin həftənin sonu biz bəlkə də növbəti prezidentin kim olacağı biləcəyik.”
Tramp həmçinin bir çox respublikaçı ilə münasibətlərini düzəltməyə çalışır. Meyn ştatının senatoru Suzan Kollinz və 50 sabiq milli təhlükəsizlik rəsmisi məktub imzalayaraq Trampın ABŞ tarixinin ən intizamsız prezidenti olacağı ilə bağlı xəbərdarlıq edib.
Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru Maykl Heyden və Daxili Təhlükəsizlik nazirliyinin keçmiş rəhbərləri Tom Ric və Maykl Çertof məktubu imzalayanlar arasındadır.