Donald Tramp Ağ Evdə iftar süfrəsi açıb

Birləşmiş Ştatlar prezidenti Donald Tramp müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin səfirləri və diplomatlarını müqəddəs Ramazan ayında oruclarını açmaq üçün bazar ertəsi Ağ Evdə açdığı iftar süfrəsinə dəvət edib.

Tramp Ramazan ayının xeyriyyəçilik, ailə və icmaların bir araya gəldiyi ay olduğunu, eləcə də son zamanlar müxtəlif dinlərə qarşı həyata keçirilən fitnə və zorakılıqların aradan qaldırılmalı olduğunu deyib.

Yeni Zelandiyadakı məscidlərində qətlə yetirilən müsəlmanlar, həmçinin Şri Lanka, Kaliforniya və Pitsburqda öldürülən xristianlar, yəhudilər və allahın digər övladları üçün qəlbimiz kədərlə doludur

" Yeni Zelandiyadakı məscidlərində qətlə yetirilən müsəlmanlar, həmçinin Şri Lanka, Kaliforniya və Pitsburqda öldürülən xristianlar, yəhudilər və Allahın digər övladları üçün qəlbimiz kədərlə doludur. İnsanların qorxusuz ibadət edə bilməsi, təhlükəsiz və ürəklərindəki imanla rahat yaşaması üçün biz terrorizm və dini təqiblərə qalib gəlməliyik " – deyə, Donald Tramp bildirib.

ABŞ prezidenti gələcəkdə sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün dua etməyə çağırıb.

2016-cı il prezident kampaniyasında Tramp müsəlmanların ABŞ-a daxil olmasına tam qadağa tətbiq edilməsinə çağırıb və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən mühacirətə məhdudiyyət qoyulmasına dair bir neçə sərəncam imzalayıb.