Finalda qəribə hadisə - "Traktorsazi"yə yalan məlumat verilib

Baş məşqçi Antonio Oliveyra ilk başda Traktorsazinin çempion olduğunu zənn edirmiş

İran xəbər agentlikləri futbol üzrə İran çempionatının final matçının son dəqiqələrində “qəribə hadisələrin” baş verdiyi və "Traktorsazi" komandasına yalan məlumat verildiyini yazırlar.

Son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən "Tarktorsazi" ilə Tehranın "Neft" klubunun oyunu 3-3 hesabı ilə başa çatıb.

İSNA xəbər agentliyi və İran televiziyasının yaydığı məlumata görə, oyunun son dəqiqələrində "Traktorsazi" komandasına verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək matçı sadəcə başa çatdırmağa çalışırmış.

"Traktorsazi"yə verilən yalan məlumat eyni zamanda keçirilən "Saypa" və "Sepahan" komandaları arasındakı matçın nəticəsi ilə bağlı olub. “Saypa”nı 2-0 hesabı ilə məğlub edən “Sepahan” İran çempionu olub. Halbuki federasiya məsulları "Traktorsazi" məşqçilərinə Sepahan-Saypa oyununun heç-heçə sonlandığını bildiriblər.

İran Televeziyasına bağlı olan 90TV saytı bu xüsusda belə yazıb:

“Belə bir hadisə bəlki dünyanın heç yerində olmayıb, amma İran futbolunda olub. Oyunun sonunda Traktorsazi komandası və tərəfdarlarına deyilib ki, Saypa-Sepahan oyunu bərabər nəticə ilə sona çatıb və Traktorsazi çempiondur. Güya, bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib. Amma, deyilənlərə görə, Traktorsazinin baş məşqçisi Antonio Oliveyra komandasının çempion olduğunu düşündüyü üçün oyunçulardan geri çəkilib sadəcə nəticəni qorumağa çalışmalarını istəyib.”

İSNA-nın məlumatına görə, “matçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, TV, radio və hətta mobil telefon əlaqələri kəsilib.”

90TV saytının yazdığına görə, aldadıldıqlarını öyrənən "Traktorsazi" tərəfdarları qəzəblənib, azarkeşlər və polis arasında qarşıdurma baş verib.

Yayılan məlumata görə, qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb.

Traktorsazi-Neft matçında 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi"nin hücumçusu Andranik Teymuryanın meydandan qovulmasından sonra son 77-81-ci dəqiqələrdə iki qol vurulub və oyun 3-3 hesabı ilə bitib.