Traktor komandasının iki azarkeşi həbsdədir

  • Insafəli Hidayət

Traktor komandasının iki azarkeşi həbsdədir

Azərbaycanlı azarkeşlərin vəkili Musa Bərzin Xəlifəli deyib ki, bu şəxslərin hər ikisinə qarşı "İran liderinə hörmətsizlik, nizamın əleyhinə təbliğat, nizamı pozmaq, qeyri - qanuni qruplara üzv olmaq" ittihamları irəli sürülüb.

Təbrizin Traktor futbol komandasının iki azarkeşinin şəhərin İnqilab məhkəməsində mühakiməsi başlayıb. Bu barədə İranın AZÖH, Güney Azərbaycan Öyrənci Hərəkatı saytları və İran İnsan Haqları Fəallarının xəbər agentliyi yazıb. HARANA-nın məlumatına görə, İran azərbaycanlısı olan Tağı Möləvi və Behrad Xudayari Təbrizin Traktor və Kirman şəhərinin Mis adlı komandalarının oyunu zamanı nəzarət altına alınıb və onlara qarşı 4 ittiham oxunub.

Azərbaycanlıların vəkili Musa Bərzin Xəlifəli deyib ki, bu şəxslərin hər ikisinə qarşı "İran liderinə hörmətsizlik, nizamın əleyhinə təbliğat, nizamı pozmaq, qeyri - qanuni qruplara üzv olmaq" ittihamları irəli sürülüb. Həmin xəbərlərə deyildiyinə görə, bu iki futbol azarkeşinin siyasi mənsubiyyəti yoxdur və sadəcə futbolda İran Azərbaycanlıları üçün simvola çevrilən Traktor komandasını himayə etdiklərinə görə, 5 ay əvvəl Marağa şəhərində tutulublar.

Hələlik futbol azarkeşlərinin mühakiməsi başa çatmayıb. Bir müddətdən sonra İnqilab Məhkəməsinin 4-cü şöbəsinin hakiminin Traktorun həmin azarkeşləri barədə hökm verməsi gözlənilir.