Finlandiyanın “Nurminen Logistics” şirkətinin ilk konteyner qatarı Çindən Transxəzər dəhlizi ilə yola düşüb

TRACECA

Yeni cənub Transxəzər marşrutu üzrə Finlandiyanın "Nurminen Logistics" şirkətinin ilk konteyner qatarı mayın 10-da Çinin Çonqinq şəhərindən yola düşüb. Marşrut Çindən başlayaraq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya qədər uzanır.

Bu barədə "Nurminen Logistics" şirkəti məlumat yayıb.

"Nurminen Logistics" şirkəti bildirir ki, dəmir yolu və dəniz nəqliyyatını birləşdirən Transxəzər marşrutu müasir nəqliyyat zəncirlərinin ehtiyaclarına mükəmməl cavab verir. Burada vaxt və ekoloji təmizlik mühüm rol oynayır, Çindən Mərkəzi Avropaya daşınma müddəti dəniz daşımasından təxminən üç dəfə tez başa gəlir.

"Marşrutun açılması Çin Dəmir Yollarından əməliyyatlarımıza və hər şeydən əvvəl müştərilərimizin bizə olan inamı tələb etdi. Bundan əlavə, Nurminen-in beynəlxalq dəmir yolu komandası çətin bir vəziyyətdə mükəmməl təcrübə və tətbiq nümayiş etdirdi," Nurminen Logistics-in baş direktoru Olli Pohjanvirta deyib.

Onun sözlərinə görə, yeni marşruta böyük tələbat var və birinci qatar artıq sifarişlərlə doludur.

"Mayın 25-də yola düşəcək növbəti qatar üçün də sifarişlər demək olar ki, dolub. Həftəlik gedişlərin iyundan başlanması planlaşdırılır. Birinci qatarda avropalı müştərilərin məhsullarının geniş çeşidi olan konteynerlər var. Konteynerlərə müxtəlif sənaye sahələrinin komponentləri və cakuzilərdən tutmuş açıq idman avadanlıqlarına qədər yay məhsulları daxildir," o qeyd edib.

Baş direktorun sözlərinə görə, Transxəzər marşrutu Nurminen-in Asiya və Şimali Avropa ölkələri arasında hazırkı dəmir yolu xidmətini və Norveç, İsveç və Finlandiya arasında konteyner qatarı xidmətlərini gücləndirir. Marşrut həmçinin şirkətin Mərkəzi Avropadakı müştəri bazasını artıracaq və şirkətin multimodal nəqliyyat həllərinin daha da inkişafına imkan verəcək.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi- Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan sonra bu dəhlizə yüksək maraq yaranıb. Onun sözlərinə görə, 2022-ci ilin sonunadək TRACECA dəhlizi ilə yük axınının 5 dəfəyədək artacağı gözlənilir.