Tovuz rayon Məhkəməsinin keçmiş sədri güllələnərək öldürülüb

Firudin Ələkbərov

Sentyabrın 13-də Tovuz rayonunda (Bakıdan 424 kilometr qərb) biznesmen Əli Şamiyev rayon məhkəməsinin keçmiş sədri Firudin Ələkbərovu güllələyərək qətlə yetirib.

Məlumatı Tovuz rayon Polis Şöbəsindən Amerikanın Səsinə təsdiq ediblər. Əli Şamiyev polis tərəfindən saxlanılıb.

Yerli mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, tərəflər arasında mübahisəyə biznesmenin rayon əhalisinə verilən işməli su mənbəyinin üzərində istirahət mərkəzi, restoran tikərək suyu çirkləndirməsi səbəb olub. Belə ki, Ələkbərov bununla bağlı müxtəlif dövlət qurumlarına şikayətlər edib, o cümlədən məhkəməyə müraciət edib. Məhkəmə biznesmenin xeyrinə qərar qəbul edib.

Məhkəmənin qərarından sonra Ələkbərov yenidən şikayət edəcəyini bildirib və bu biznesmenin keçmiş məhkəmə sədrinin ofisinə gələrək onu güllələməsinə saəbəb olub.

Rəsmi qurumlar baş verən hadisə ilə bağlı hələ məlumat yaymayıb.

Biznesmen Əli Şamiyevin Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı və keçmiş nəqliyyat nazirinin müavini ilə yaxın qohumluq əlaqələri olduğu bildirilir.