Toğrul Cuvarlı: Tarix münaqişələrin həllinə təsir göstərməlidir (Video-müsahibə)

Your browser doesn’t support HTML5

Toğrul Cuvarlı: Tarix münaqişələrin həllinə təsir göstərməlidir

Kulturoloq Toğrul Cuvarlının Amerikanın Səsinə müsahibəsi
Kulturoloq Toğrul Cuvarlı Amerikanın Səsinə müsahibəsində bu günlərdə regionun ümumi tarixinin yazılması ilə bağlı Avropa Şurasının təşəbbüsü ilə Strasburqda keçirilən müzakirələrdən danışıb.

Müzakirələrdə Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Kipr və başqa cəmiyyətlərin ictimai təşkilatlarının nümayəndələri, tarixçilər iştirak edib.

“Biz bir neçə məsələ ətrafında firkir mübadiləsi apardıq. İlk növbədə müzakirələr təhsil dərsləri ilə bağlı idi. Müzakirələrdən məlum oldu ki, elə dərsliklər yaratmaq lazımdır ki, başqası da sənin dərsliyinin iştrakçısı olsun. Biz adətən monotarixə, yəni hansısa bir titul və ya etnosun ətrafında yazılan tarixə öyrənmişik. Bizim hazırda öyrəndiyimiz tarixdə istisnalar əlavələrdən çoxdur”.

Onun sözlərinə görə, tarixi hadisələrə alternativ baxışlar lazımdır.

Cuvarlı Azərbaycan və Ermənistan tarixçilərinin iki ölkə arasındakı münaqişəyə baxışı ətrafındakı müzakirə ilə bağlı deyib ki, adətən intellektualların baxışında o qədər fərq olmur.

“Amma bu o demək deyil ki, cəmiyyətlər, xüsusilə gənclər arasında fikir ayrılığı yoxdur. Gənclər tamamilə ayrı mühitdə böyüyüb. Burada fərqlər var”.

Ekspertlər müzakirələrin davam etdirilməsi ilə bağlı fikir birliyinə gəlib.

“Artıq münaqişələri qızışdıran, münaqişələri dəhşət göstərən tarixin vaxtı keçib. İndi tarix hərtərəfli yazılmalıdır. Tarix münaqişələrin nizamlanmasına təsir göstərməlidir. Tarixçilər qızışdırıcı rol oynamamalıdır”.

Cuvarlı hesab edir ki, regionun ümumi tarixinin yazılması təşəbbüsü yeni deyil.

“Avropada Almaniya ilə Fransa uzun müddət müharibə vəziyyətində yaşayıb. Amma indi ümumi tarix yazıblar”.

Bununla yanaşı, o Qafqazın ümumi tarixinin yazılması ilə bağlı son 7 ildə aparılan müzakirələrin hələ də nəticə vermədiyini bildirib.