Reks Tillerson: Bəşar Əl-Əsədin Suriyanın gələcəyində heç bir rolu olmayacaq

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Birləşmiş Ştatlar prezident Bəşar Əl-Əsəd və onun ailəsinin Suriyanın gələcəyindəki rolunu görmür.

Tillerson Cenevrədə BMT-nin Suriyadakı xüsusi səfiri Staffan de Mistura ilə görüşdən sonra deyib ki, "Əsəd ailəsinin hökmranlığı sona çatır".

Dövlət katibi ABŞ-ın Suriyanı Əsədsiz vahid dövlət kimi görür.

Əsəd ailəsinin hökmranlığı sona çatır

Onun sözlərinə görə, əsas məsələ “bunun necə həyata keçirilməsidir”.

Tillersonla görüşündən sonra de Mistura deyib ki, Suriyada sülh üzrə növbəti Cenevrə danışıqların noyabrın 28-də təşkil ediləcək.

Bundan əvvəl Cenevrədə Suriyaya dair keçirilən danışıqlar çox az uğur gətirib. Bu danışıqların irəliləməsində bir qayda olaraq əsas maneə Əsəd hakimiyyətinin taleyi məsələsi olub.

Suriya münaqişəsində Rusiya və İran prezident Əsədin hakimiyyətini, ABŞ və Türkiyə isə onu devirmək istəyən qiyamçı qruplaşmaları dəstəkləyirlər.

Rusiyanın təşəbbüsü ilə İran və Türkiyənin iştirakı ilə Suriyaya dair danışıqlar Qazaxıstanın paytaxtı Astanada da keçirilib.

Bu danışıqlar əsas etibarilə münaqişə bölgəsində atəşkəs əldə edilməsinə həsr olunub. Astana danışıqlarının növbəti dövrəsi oktyabrın 30-31-də keçirilməlidir. Birləşmiş Ştatlar bu danışıqlarda müşahidəçi kimi iştirak edir.

Tillerson deyib ki, Əsədin hakimiyyətdən getməsi Cenevrə prosesi vasitəsilə olmalıdır. Lakin o əlavə edib ki, Suriya prezidentinin postunu tərk etməsi prosesin davam etdirilməsi üçün ilkin şərt deyil.

Bu arada Suriyada ABŞ tərəfindən dəstəklənən birləşmiş ərəb-kürd qüvvələri (SDQ) İslam Dövləti ekstremist qruplaşmasına qarşı döyüşlərdə böyük uğurlar qazanıb. Suriya Demokratik Qüvvələri İŞİD-in de facto paytaxtı sayılan Rəqqanı ələ keçirib.

Rusiya prezidenti Vladimir Putin deyib ki, Suriyanın 90 faizi “terrorçulardan” azad edilib.