İranın Tehran şəhərindəki Evin həbsxanasında saxlanılan siyasi məhbus Tohid Əmir Əmininin 22 aydan sonra girov qarşılığında məzuniyyətə buraxıldığı bildirilir.
İran Azərbaycanında İnsan hüquqları fəallarından əldə edilən məlumata görə, güneyli siyasi məhbus Tohid Əmir Əmini 22 ay həbsdə qaldıqdan sonra dekabrın 13-də bazar günü 350 milyon tümənlik girov müqabilində məzuniyyətə buraxılıb.
Tohid Əmir Əmini Tehran İnqilab Məhkəməsi tərəfindən 9 il həbs cəzasına məhkum edilmişdi ki, bu hökm apellyasiya məhkəməsində 7 il 6 ay həbs cəzasına endirilmiş və daha sonra həbs cəzasının azaldılması haqqında 12 mayda qəbul edilən qərara əsasən siyasi məhbusun həbs cəzası 5 ilə azaldılmışdı.
Əmini keçən ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Gününü qeyd etmək üçün Tehranda broşür yaydığı səbəbi ilə tutularaq Evin həbsxanasına köçürülmüşdü.
Ötən ilin iyun ayının 23-də Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin sədrliyi ilə qurulan məhkəmə iclasında Əmini "İranın milli təhlükəsizliyini pozmaq" və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamları ilə üzləşdi. O, birinci ittihama görə 7 il 6 ay, ikinci ittihama görə isə 1 il 5 ay azadlıqdan məhrum edilmişdi.
Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən Tohid Əmir Əminiyə verilən hökm Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin sədri hakim Əhməd Zərgərin tərfindən 7 il 6 ay həbs cəzasına endirildi və daha sonra qəbul edilən yeni bir qanun çərçivəsində 5 il həbs cəzası ilə dəyişdirildi.
Bundan əvvəl Tohid Əmir Əmini Ərdəbildə dörd milli fəal ilə birlikdə hal-hazırda Ərdəbil həbsxanasında saxanılan milli fəal Abbas Lisaninin sərbəst buraxılmasını tələb edən plakat nümayişinin ardından İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınaraq, 6 ay həbs və qamçı cəzasına məhkum edilmişdi.
İran həbsxanalarında COVİD-19 xəstəliyinin yayılmasından dolayı bir çox məhbus məzuniyyətə buraxılsa da, Abbas Lisani və Lətif Həsəni kimi siyasi məhbusların müvəqqəti olaraq sərbəst buraxılmalarına izin verilmir.