Toğrul İsmayıl: Türkiyənin Azərbaycan siyasəti praqmatizmə əsaslanır [Audio-Müsahibə]

Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl Türkiyənin xarici siyasəti, regiondakı aparıcı rolu barədə Amerikanın Səsinin suallarını cavablandırıb.

Your browser doesn’t support HTML5

Toğrul İsmayıl: Türkiyə Azərbaycanla bağlı siyasəti praqmatik, eyni zamanda strateji müttəfiqlik səviyyəsində həyata keçirir

Türkiyə və Azərbaycanın hərbi müttəfiqliyinin PKK ilə mübarizə və ya Dağlıq Qarabağ münaqişəsinin həllində yararlı ola biləcəyi ilə bağlı cənab İsmayıl bu məsələlər arasında fərq olduğunu qeyd edərək, PKK məsələsinin dünyəvi xarakter daşıyan bir problem olduğunu deyib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev

O, təəssüflə bəzi dövlətlərin PKK-nı terror təşkilatı kimi tanımasına baxmayaraq, altdan və açıq şəkildə bu qrupa dəstək verməkdə davam etdiklərini deyib.

Toğrul Ismayıl bildirib ki, PKK terrorizmlə əlaqələndirildiyinə görə, burada hərbi əməkdaşlıqdan daha çox təhlükəsizlik nöqteyi-nəzərindən yaxınlaşma daha uyğun olardı.

Qarabağ münaqişəsinə gəldikdə isə o, Türkiyənin təcrübəli, ordusunun dünyanın 10 ən güclü ordu sırasında yer alan bir ölkə kimi Qarabağ məsələsinin həllinə yardım edə biləcəyini düşünür.

Türkiyədə noyabr ayında keçiriləcək təkrar parlament seçkilərinin o ölkənin xarici siyasətinə təsirini dəyərləndirən professor İsmayıl ciddi bir dəyişiklik gözlənilmədiyini qeyd edib. O, bəzi düzəlişlərin mümkünlüyünü istisna etməyib. Ekspert bu düzəlişlərin regional və xüsusilə də Suriyaya aid olacağını bildirib.

Türkiyənin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir.

Toğrul İsmayıl Türkiyənin NATO ilə əməkdaşlığını və avro-məkana inteqrasiya səylərini davam etdirəcəyini vurğulayıb.

Türkiyənin türk respublikalarına marağının Osmanlı İmperatorluğunun keçmiş müstəmləkələrinə olan marağından fərqləndiyinə dair sualın cavabında professor bunu Türkiyənin praqmatizmi ilə izah edib.

O deyib ki, Türkiyə regionda özünə yaxın bildiyi, zəngin qaynaqlara malik olan ölkələrlə iş birliyi apararaq, həm özünün, həm də bu ölkələrin təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atmağa çalışır.

Professor deyib ki, Türkiyə bir yandan praqmatik siyasət yürüdür, digər yandan isə Avropaya inteqrasiyaya xarici siyasətinin prioriteti kimi baxır.

Türkiyə əsgərləri Suriya ilə sərhəddə tankla mövqe tutublar.

Bu yaxınlarda keçirilən rəy sorğularında Türkiyə əhalisi ən yaxın dövlət kimi Azərbaycanı seçib.

Türkiyə hökumətinin Azərbaycanla bağlı mövqeyinin xalqın mövqeyi ilə üst-üstə düşdüyünü deyən Toğrul İsmayıl bəzən dövlət siyasətinin ictimai rəydən fəqrli olduğunu da inkar etməyib. O, Türkiyənin Azərbaycanla bağlı siyasətinin çox praqmatik, eyni zamanda strateji müttəfiqlik səviyyəsində həyata keçirildiyini deyib.

TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayıl Türkiyənin bütün siyasi partiyalarının Azərbaycanla bağlı təqribən eyni baxışlara malik olduğunu bildirib.