Azərbaycanın keçmiş xarici işlər naziri, prezident Heydər Əliyevin Ermənistan-Azərbaycan münaqişəsü üzrə xüsusi nümayəndəsi olmuş Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Vyana danışıqlarının nəticələri, cəbhədə real vəziyyət, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar, aprel döyüşləri və perspektivlərdən danışıb.
Amerikanın Səsi: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasına təkan verəcəkmi? Sülh yaxındadırmı?
Azərbaycan aktiv oyunçudur, təzə həqiqətləri ortaya qoyub. Buna adekvat reaksiya olmalıdır.
Tofiq Zülfüqarov: Vyana görüşü onu göstərdi ki, Azərbaycandan başqa digər iştirakçılar, - Ermənistan və həmsədr ölkələr elə bil təəccüb vəziyyətində idilər. Çünki aprel döyüşlərindən sonra təzə həqiqət yaranıb. Həm Ermənistan tərəfi və qismən də həmsədrlər təzə vəziyyətə hələ öyrəşməyiblər. Bəyanatlardan belə bilinir ki, onlar vəziyyəti hansısa şəkildə nizamlamaq fikrindədirlər. Amma tamamailə yeni yanaşma lazımdır. Çünki regionda vəziyyət tam dəyişib, Azərbaycan aktiv oyunçudur, təzə həqiqətləri ortaya qoyub. Buna adekvat reaksiya olmalıdır. Təəssüflər olsun ki, Vyanada adekvat reaksiya görmədim. Bəlkə qapılar arxasında nə isə olub, bəlkə də Vyana görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Ermənistana vaxt verilib ki, o, yeni vəziyyəti dərk etsin və iyun danışıqlarına hazır vəziyyətdə gəlsin.
Amerikanın Səsi: Həmsədr dövlətlər dəfələrlə status-kvonun dəyişdirilməsi barədə bəyanatlarla çıxış edib. BMT Təhlükəsizlik Şurasının qətnamələri kimi həmsədrlərin bəyanatları da yerinə yetirilməyib. Həmsədr ölkələrin Vyana bəyanatının yerinə yetirilməsi nə qədər realdır?
Azərbaycan əlbəttə Rusiyanın bəzi növ silahlarından istifadə edib, amma İsrail və Türkiyə silahlarının konfiqurasiyası onu göstərib ki, Ermənistan müharibəyə heç cür hazlır deyil.
Tofiq Zülfüqarov: İndi regionda təzə bir vəziyyət yaranıb. Təzə vəziyyət ondan irəli gəlib ki, aprel döyüşlərindən sonra Azərbaycan öz ordusunun gücünü nümayiş etdirib. Məsələ ondan ibarətidr ki, təzə texnoloji silahların istifadəsini nümayiş etdirib. Hesab edirəm ki, Ermənistan artıq hər halda başa düşməlidir ki, regionda vəziyyət, ən azı hərbi-müdafiə vəziyyəti tam dəyişib. Yəni Azərbaycan elə texnoloji silahları göstərib ki, bu Ermənistanda yoxdur. Onların Rusiyaya iradları da həqiqətə uyğun deyil. Çünki Azərbaycan əlbəttə Rusiyanın bəzi növ silahlarından istifadə edib, amma İsrail və Türkiyə silahlarının konfiqurasiyası onu göstərib ki, Ermənistan müharibəyə heç cür hazlır deyil. Azərbaycanın qarşısında Ermənistan tab gətirə bilməz. Məhz regionda indi bu həqiqətlər mövcuddur və Ermənistan buna hazır deyil. Bəlkə də Vyana görüşündə Ermənistana vaxt verilib ki, get fikirləş və mən hesab edirəm ki, əgər lazımı şəkildə siyasi proseslər getsə onda real danışıqları gözləmək olar. Amma skepsis (inanmamaq-red) üçün də əsas var. Çünki Ermənistan prezidentinin bəyanatları (ələlxüsus Vyana görüşlərindən sonra) onu göstərir ki, o doğrudan da elə bil kameralara inanır. Elə bilir ki, kamera Azərbaycan Ordusunun gücünü saxlaya biləcək? Ya da kamera ilə 10 milyonluq Azərbaycan xalqının iradəsini saxlaya bilər? Bu həddindən artıq gülünc yanaşmadır. Biz, bu ay ərzində Ermənistanın həm müxalifətdə, həm iqtidarda olan insanlarının gülünc bəyanatlarını çox görmüşük. Misal üçün, keşmiş baş nazir “Ermənistanda atom bombası var”, bəyanatını verib. Birincisi, biz hamımız başa düşürük ki, Ermənistanda əgər 3 adam fikirləşsə ki, onlar atom bombası yaratmaq istəyirlər, onun barəsində birinci ya Rusiya, ya da qərb ölkələrinin kəşfiyyatı bilər, heç də Ermənistanın baş naziri yox. Yəni Ermənistan artıq çıxılmaz vəziyyətdədir.
Amerikanın Səsi: Sizcə münaqişənin nizamlanması üçün real addımlar necə olmalıdır? Regionda aktiv hərbi əməliyyatların başlanması geniş geopolitik anlamda hansı yeni situasiyalar yarada bilər?
Reallıq olsa, hesab edirəm ki, Azərbaycan indi normal sülh sazişinə qol çəkməyə hazırdır. Azərbaycanın suverenliyi bərpa olunsun, qaçqınlar evlərinə qayıtsın və ermənilərin təhlükəsizliyi təmin edilsin. Azərbaycan Dağlıq Qarabağa normal bir müvəqqəti statusu verməyə hazırdır.
Tofiq Zülfüqarov: Zənnimcə, burada diplomatiyanın aktivliyi tələb olunur, ələlxüsus vasitəçilərin. Artıq, vaxt gəlib ki, Ermənistan həqiqətlərlə üzləşib. Bu həqiqətləri Ermənistana başa salmaq çox vacibdir. Təzədən populist bəyanatlar vermək, kameraya, yaxud texniki üslublarla atəşkəsi gücləndirməyə inanmaq düzgün deyil. Yəni, bu populist addımlardan gərək əl çəksinlər və reallığa baxsınlar. Reallıq olsa, hesab edirəm ki, Azərbaycan indi normal sülh sazişinə qol çəkməyə hazırdır. Azərbaycanın suverenliyi bərpa olunsun, qaçqınlar evlərinə qayıtsın və ermənilərin təhlükəsizliyi təmin edilsin. Azərbaycan Dağlıq Qarabağa normal bir müvəqqəti statusu verməyə hazırdır. Çünki son status üçün illər tələb olunur. Xalqlar birgə ysamağa, bir-biri ilə əlaqə qurmağa öyrəşməlidirlər. Ondan sonra yekun status barədə danışmaq olar. Mənim baxışım budur.
Amerikanın Səsi: Bəs aktiv hərbi əməliyyatların başlaması hansı geopolitik situasiya yarada bilər? Xüsusilə terror təşkilatlarının regiona cəlb olunması baxımından.
Çünki Ermənistanın siyasi elitasının təcrübəsi göstərir ki, onlar daha çox populist addımlar atmağa meyllidir. Bu baxımdan Azərbaycan çox diqqətli olmalıdır.
Tofiq Zülfüqarov: Yenə də seçim Ermənistanındır. Çünki onların bəzi bəyanatları var. Misal üçün, 4-cü korpusun generalı deyir ki, biz Naxçıvana hücum edəcəyik. Məqsəd bəllidir. İstəyirlər həm ODKB-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı-red) gücündən istifadə etsinlər, guya Azərbaycan artıq indi Ermənistana hücum edib. O biri tərəfdən istəyirlər ki, Türkiyə ilə Rusiyanı toqquşdursunlar. Yenə də avantürist addımlar atıla bilər. İstisna etmirəm. Çünki Ermənistanın siyasi elitasının təcrübəsi göstərir ki, onlar daha çox populist addımlar atmağa meyllidir. Bu baxımdan Azərbaycan çox diqqətli olmalıdır. Anjey Kasprşikə (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi-red) həvalə olunan vəzifələr vacib olacaq. Çünki hesab edirəm ki, bu mərhələdə Ermənistan yenə də hansısa təxribata əl ata bilər.
Amerikanın Səsi: Rəsmi danışılardan kənarda Azərbaycanın və ya Ermənistanın Minsk qrupunun həmsədri olan hansısa dövlətlərlə gizli sövdələşməsi mümkündürmü?
Əksinə, indi Rusiya sanksiyalar altındadır və tənqid altındadır. Rusiya istəyir ki, bu münaqişədə qərblə əməkdaşlığını daha geniş şəkildə nümayiş etdirsin.
Tofiq Zülfüqarov: Hesab etmirəm ki, Dağlıq Qarabağ məsələsində Minsk qrupunun mövqeyi çox fərqlənir. Mən bunu hesab etmirəm. Bəzən deyirlər ki, guya Rusiya təkcə ruslardan ibarət sülhməramlı əməliyyatın təşkil olunmasını istəyir. Məqsəd nədir? Əksinə, indi Rusiya sanksiyalar altındadır və tənqid altındadır. Rusiya istəyir ki, bu münaqişədə qərblə əməkdaşlığını daha geniş şəkildə nümayiş etdirsin. Göstərsin ki, o artıq dünyada gedən proseslərdən kənarda qalmır. Məhz dünya ilə və fövqəldövlətlərlə bir yerdə çalışan bir ölkədir. Zənnimcə, bu tendensiya daha realdır, nəinki digər tendensiyalar.