Tofiq Yaqublunun işi üzrə məhkəmə davam edib

Avqustun 21-də Bakının Nizami rayon Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun işi üzrə proses davam edib.

Bu il martın 22-də Tofiq Yaqublunun salonunda olduğu park edilmiş avtomobili Elxan Cəbrayılovun idarə etdiyi avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.

Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə Tofiq Yaqubluya qarşı cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar. Beynəlxalq hüquq-müdafiə təşkilatları Yaqublunun həbsini qınayıb.

Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilib.

O, 2019-cu il noyabrın 19-da Milli Şuranın icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə də inzibati qaydada həbs edilib

Yaqublu bu günki məhkəmədə iclasın əvvəlində hakim Nəriman Mehdiyevə yaxınlarının, jurnalistlərin və Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin zala buraxılması tələbi ilə müraciət edib. Amma hakim bu tələbi Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar insanların bir yerə toplaşmasının yolerilməz olması qərarını əsas gətirərərk təmin etməyib. Bu, Yaqublunu qəzəbinə səbəb olub, o deyib ki, Nazirlər Kabinetinin qərarı konstitusiyadan üstün ola bilməz.

Daha sonra məhkəmədə şahid qismində yol polisi müfəttişi Malik Manafov dindirilib. O, müdafiə tərəfinin yol nəqliyyat hadisəsi ilə bağlı suallarına cavab verə bilməyib. Müfəttiş vəkillərin xahişinə cavab olaraq mobil telefon nömrəsini söyləyə bilməyib.

Bu, mobil rabitə operatorundan insident günü hadisə yerində polis əməkdaşının olub-olmadığını yoxlamaq məqsədilə müdafiə tərəfi üçün vacib idi.

Şahidin hərəkətlərinə qəzəblənən Tofiq Yaqublu "bu qədər yalan danışmaq olarmı?" deyə etirazını bildirib.

Məhkəmə prosesi avqustun 25-nə qədər təxirə salınıb.