Tofiq Yaqublu: Azərbaycan Avropa Şurasının ən repressiv üzvüdür [Audio-Müsahibə]

Tofiq Yaqublu, Müsavat Partiyası başqanının müavini

"Biz bütün həqiqəti çılpaqlığı ilə dedik," deyə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu Avropa səfərini Amerikanın Səsinə müsahibəsində şərh edir. "Görüşlərdən aldığımız təəssürat belə oldu ki, artıq Avropa Şurasında da yavaş-yavaş başa düşürlər ki, bu, çox ağ oldu və onlar da azı öz sifətlərini qorumağa çalışırlar." Müsavat Partiyasının həbsindən sonra reabilitasiya proqramı üzrə Avropada olan başqan müavini Tofiq Yaqublu bu fürsətdən yararlanaraq, Avropa təşkilatları, rəsmiləri ilə görüşlər keçirildiyini və diaspor üzvləri ilə birlikdə AND (Azərbaycan Naminə Demokratiya) təşkilatının təsis edildiyini bildirib.

Your browser doesn’t support HTML5

Azərbaycan Avropa Şurasının ən repressiv üzvüdür

Tofiq Yaqublu Azərbaycan cəmiyyəti və müxalifətinin Avropa Şurasına haqlı olaraq inamı olmadığını etiraf edib. "Avropa Şurasına inanan yeganə təbəqə hakimiyyətdir," deyə o bildirib. Yaqublu şuranın indiyədək qanunlar, öhdəliklər və vətəndaş cəmiyyətinin deyil, daha çox Azərbaycan hökumətinin istəklərinə cavab verdiyini deyib. O, Azərbaycanın Avropa Şurasına daxil olduqdan bəri qurumun öhdəliklərinə nəzarət etməməsindən, qanun pozuntularına göz yummasından, adekvat reaksiya verməməsindən şkayətlənib.

Müsavat Partiyasının başqan müavini deyib ki, ən acınacaqlısı da odur ki, Azərbaycan AŞ-na daxil olduqdan sonra bu ölkədə insan haqlarının vəziyyəti kəskin şəkildə pisləşib.

(Soldan) Tofiq Yaqublu, Nil Muijnieks, Cəmil Həsənli, Arif Məmmədov

"Biz görüşlərdə qeyd etdik ki, böyük templə olmasa da Azərbaycanın standatlara uyğunlaşacağına, qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur ediləcəyinə sadəlövhlükdə inanırdıq. Çox təəssüf ki, Azərbaycan Avropa standartlarına deyil, Avropa Şurası Azərbaycan standartlarına uyğunlaşdı," deyə Yaqublu sözünə davam edib.

Yaqublu ümid etdiyini bildirib ki, indən belə Avropa rəsmiləri Azərbaycanda hüquq pozuntuları və avtoritarizmlə bağlı "daha prinsipial, daha qətiyyətli" mövqe sərgiləyəcəklər. Belə ki, "Avropa Şurası üzvləri arasında Azərbaycandan despotik, demokratiyadan uzaq başqa bir ölkə yoxdur."

Çox təəssüf ki, Azərbaycan Avropa standartlarına deyil, Avropa Şurası Azərbaycan standartlarına uyğunlaşdı.

O bildirib ki, indiyədək keçirilən bütün saxta seçkilərə müsbət rəy verilib, insan haqlarının pozulmasına göz yumulub, siyasi məhbuslarla bağlı Kristof Ştrasser siyahısı təsdiqlənməyib və bütün bunlar İlham Əliyev hakimiyyətinə yeni repressiya dalğası başlatması üçün güc verib.

"Ökənin bütün makro-iqtisadi göstəriciləri getdikcə pisləşir," deyə Tofiq Yaqublu manatın məzənnəsinin kəskin düşdüyünü, işsizliyin tüğyan etdiyini, istehsalın azaldığını və turistlərin ölkəyə gəlmədiyini vurğulayaraq Azərbaycanda idarəçiliyin "başdan-ayağa korrupsiyalaşdığını" deyib.

Milli Şuranın keçirdiyi 11 ssentyabr mitinqi Azərbaycanda avtoritarizmə qarşı son ayların ən izdihamlı aksiyası oldu.

"Azərbaycanın hazırkı böhrandan belə bir komanda ilə çıxması müşkül görünür. Amma ümid verən məqam budur ki, nəhayət ki, xalq kütlələri ayağa qalxıb haqqını tələb edə bilər," deyə Yaqublu Milli Şuranın 11 sentyabr mintiqinin izdihamlı keçməsindən ürəkləndiyini qeyd edib. "Ümid etməyə dəyər. Daha möhkəm işləyib çalışmaq lazımdır. və növbəti minqitnlərdə bir artan dinamikya nail olmaz lazımdır."