Tofiq Yaqublu aclığa başlayıb

Tofiq Yaqublu

Sentyabrın 2-də Bakının Nizami rayon Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. O, həbsinə və ədalətsiz mühakiməsinə etiraz olaraq məhkəmə zalında aclığa başladığını elan edib.

"Tofiq Yaqublu məhkəmə heyətinin didqqətinə çatdırdı ki, qələbəyədək aclığı davam etdirəcək," onun qızı Nigar Həzi qeyd edib.

Tofiq Yaqublunu müdafiə məqsədi ilə aksiya keçirilib

Tofiq Yaqublu barədə hökmün oxunması sentyabrın 3-dək təxirə salınıb.

Dövlət itthamçısı məhkəmədən Yaqubluya 4 il 6 ay həbs istəyib.

Atam məhbus deyil, siyasi hakimiyyətin girovudur.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Tofiq Yaqublunun qızı Nigar Həzi indiyədək məhkəmə istintaqında heç bir vəsatətin təmin olunmadını deyib.

"Atam məhbus deyil, siyasi hakimiyyətin girovudur. Bu hakimiyyət, məhkəmə heyəti, şahidlər, dövlət ittihamçısı vaxt gələcək qanunsuzluq etdiklərinə görə məhkəmə qarşısında cavab verəcəklər. Heç bir hakimiyyət daimi deyil, Belarusdan nümunə götürsünlər. Atamı şərləyənlər mütləq cavab verəcək. Onu bu hakimiyyət dövründə artıq üç dəfə şərləyib həbs edirlər. Mübarizəni də kişi kimi aparmaq lazımdır," Nigar Həzi qeyd edib.

Nigar Həzi

Nigar Həzi atasının sağlamlığına görə, hakimiyyətin məsuliyyət daşıdığını bildirib.

Məhkəmədən sonra bir qrup ictimai fəal etiraz olaraq yürüş keçirib. Aksiyada "İstefa!", "Tofiq Yaqubluya azadlıq!", "Siyasi məhbuslara azadlıq!" və digər şüarlar səsləndirilib.

Tofiq Yaqublunun həbsinə etiraz

Bu il martın 22-də Tofiq Yaqublunun salonunda olduğu park edilmiş avtomobili Elxan Cəbrayılovun idarə etdiyi avtomobil vurub. Bundan sonra Cəbrayılov Yaqublu ilə dalaşmağa başlayıb, qəzada onu ittiham edib.

Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə Tofiq Yaqubluya qarşı cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Yaqublu özü və həmkarları baş verənləri sosial şəbəkələrdə hökuməti tənqid etdiyinə görə müxalifətçini mühakimə etmək məqsədilə törədilmiş təxribat adlandırıblar. Beynəlxalq hüquq-müdafiə təşkilatları Yaqublunun həbsini qınayıb.

Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllıda iğtişaşlara təhrik etmə ittihamı ilə üç il müddətinə həbs edilib.

O, 2019-cu il noyabrın 19-da Milli Şuranın icazəsiz etiraz aksiyasında iştirak etdiyinə görə də inzibati qaydada həbs edilib.