Tofiq Abbasov: Azərbaycan İrandakı proseslərdən nəticə çıxarmalıdır [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Politoloq Amerikanın Səsinə müsahibəsində İrandakı son hadisələrdən danışıb

Politoloq Tofiq Abbasov Amerikanın Səsinə müsahibəsində İranda baş verən son hadisələrin daxili və regional proseslərə təsirindən danışıb.

Amerikanın Səsi: İranda baş verən hadisələrin siyasi və sosial-iqtisadi səbəblərini necə xarakterizə edərdiniz?

İqtisadi problemləri olan kütlə istər-istəməz siyasi meylləri qabardır.

Tofiq Abbasov: Son illər İran hökuməti, dini rəhbərlər bölgə problemlərinə daha çox diqqət ayırdığına görə, daxildə olan iqtisadi bloku sanki özbaşına buraxıblar. Bu baxımdan son illər sosial zəmində olan problemlər bir qədər də kəskinləşib. İlk növbədə cavanlar arasında işsizlik baş alıb gedir. Cavanlar arasında işsizlik haradasa 30-32 faiz civarındadır. O cümlədən də istər ölkə daxilində, istərsə də ölkə xaricində təhsil almış müstəqil əməyə hazır olan cavanlar iş tapa bilmir. Digər tərəfdən siyasi cərəyanlarla kəsişən nöqtələrdə artıq problemlər yaranır. Çünki, sosial baxımdan imkansızlıq baş alıb getdiyi bir vaxtda insanlar daha çox siyasi cərəyanlardan daxildə olan problemlərə diqqətin artmasını tələb edir. Həmin bu həssas nöqtədə demək olar ki, iqtisadi problemləri olan kütlə istər-istəməz öz baxışlarında siyasi meylləri qabardırlar. Təbii ki, İranın indiki vəziyyətinə ən böyük təsir göstərən amil sanksiya rejimində yaşamasıdır. Onun əsas gəlirləri enerji ixracından gəlir. Ona görə hökumət lazım olan strateji istiqamətlərdəki təminatı lazımi səviyyədə saxlamaq üçün çox böyük xərclərə yol verir. Bu baxımdan da daxildə olan iqtisadi problemlər həm qabarır, həm də təsiredici böyük təhlükəli qüvvəyə malik olur.

Amerikanın Səsi: İran rəhbərləri ölkədə baş verənlərin əsasən xarici amillərlə bağlı olduğunu bildirir. Sizcə İrandakı etirazlarda xarici amillər nə qədər realdır?

Tehranın küçələrində nümayişlərin ikinci, üçüncü günündən sonra “bizə Suriya, İraq, Livan yox, İran lazımdır” şüarı daha çox səslənirdi.

Tofiq Abbasov: Onların bu fikrə gəlməsi, ondan qaynaqlanır ki, ilk günlərdə əsasən iqtisadi tələblər səslənirdi, şüarlar iqtisadi xarakter daşıyırdı, ancaq sonra yavaş-yavaş siyasi tələblər başladıqda İran rəhbərləri, o cümlədən də ali dini rəhbər ayətullah Əli Xameneyi dedi ki, bu, bilavasitə xaricdən yönələn bir prosesdir. Belə fikrə gəlməkdə xarici qüvvələrin özləri də xeyli əsaslar verdilər. İlk növbədə ABŞ prezidenti Donald Tramp, ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli, İsrailin baş naziri Benyamin Netanyahu dərhal reaksiya verdi. Onlar İran nümayişçilərinə, küçələrdə olan fəal seqmentə dəstək verdi. Dedilər ki, biz də sizə kömək edəcəyik. O cümlədən, Amerikanın vitse-prezidenti belə bir bəyanatla çıxış etdi. Onlar prinsip etibarı ilə təmkinli mövqe tutsaydılar, həmin bəyanatları səsləndirməsəydilər, ola bilsin ki, İranın ali dini rəhbərinin həmin o fikirləri əsassız görünə bilərdi. Ancaq burada iki məqam üst-üstə düşdü. Tehranın küçələrində nümayişlərin ikinci, üçüncü günündən sonra “bizə Suriya, İraq, Livan yox, İran lazımdır” şüarı daha çox səslənirdi. Bunlar onu göstərir ki, faktiki olaraq nümayişçilər xaricin tələbləri ilə uyğun gələn sərt problemləri ortaya qoyurlar. Bu da İran rəhbərlərinə əsas verir ki, desinlər ki, bütün bu proseslərin dirijorları xaricdə oturan qüvvələrdir.

Amerikanın Səsi: İrandakı qarşıdurmalar Yaxın Şərq regionunda, xüsusilə Suriyada və İraqda hadisələrin inkişafına hansı təsirlər göstərə bilər?

İran Suriya və İraqadkı siyasətindən dönməyəcək.

Tofiq Abbasov: İran Suriya və İraqdakı siyasətindən dönməyəcək. Çünki, o tərəfə kifayət qədər diqqət, kifayət qədər resurs, səfərbərlik yönəldib. İranın həm İraqda, həm də Suriyada xeyli miqdarda şəhidləri var. Bunlardan sonra İranın geri çəkilməyə əsasları yoxdur. Çünki, əgər İran gördüyü işlərin hamısını indi qapatsa, bu o deməkdir ki, ölkənin xarici siyasətində, bölgə geosiyasətində böyük səhvlər var. O proseslərdən geri dönmək, onları qapatmaq rəsmi Tehran üçün böyük bir problemə çevrilə bilər. Bu və ya digər formada hökumət və rəsmi orqanlar küçənin tələbləri ilə razılaşa biləcək anlamına gəlir. Bütün bu proseslərin hamısını İran hökuməti bir günün içərisində, bir il ərzində reformasiya etməyəcək. Əksinə, ola bilsin ki, diqqəti bir az problemlərdən azaldıb, resurs bazasının imkanlarını ölkə daxilinə yönəldəcəklər. İstər-istəməz sosial baxımdan zəif təbəqələrin tələbləri də öz qüvvəsini saxlayır. Hökumət faktiki olaraq onlarla razılaşır. Burada daha disproporsiyanı götürüb, proporsional şəkildə xərclənən vəsaitlərin hamısını xarici siyasətlə daxili siyasət arasında düzgün bölmək lazım gələcək.

Amerikanın Səsi: İran hadisələrindən Azərbaycan hansı nəticələri çıxara bilər?

Azərbaycanla İran arasında çox böyük uyğunluqlar var.

Tofiq Abbasov: Azərbaycanla İran arasında çox böyük uyğunluqlar var. Bu baxımdan əlbəttə hər bir dövlət, o cümlədən qonşu dövlətlər də gərək bir nəticə çıxarsınlar. Çünki birnömrəli, ikinci dərəcəli problemlər var. Bunlar arasında əgər geniş kütlələrin, yəni sosial baxımdan zəif təbəqələrin tələbləri, gözləntiləri nəzərə alınmırsa, onda həmişə belə problemlər yaranır. İran nümunəsi bunu bir daha qabarıq şəkildə təsdiqləyir. Ona görə, həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələr gərək bu proseslərdən nəticə çıxarsın. Belə bir deyim var, “əvvəl evin içi, sonra bayırı”. Yəni evin içində əgər vəziyyət təminatlıdırsa, doğruldan etibarlı sistemlər yaradılırsa, onda ölkə həmin vəziyyətdə, xarici siyasətdə, xüsusilə də Qarabağ məsələsi ilə daha əminli şəkildə məşğul ola bilər.