Tiqran Sarkisyan: Ermənistan regionda ən yaxşı döyüş qabiliyyətli orduya malikdir!

Ermənistan baş naziri Tiqran Sarkisyan Amerikanın Səsinə eksklüsiv müsahibədə Dağlıq Qarabağ sülh danışıqları, Dağlıq Qarbağda aeroport açılması və Suriya ermənilərinin durumu haqda danışıb. Cənab Sarkisyan ölkəsinin Azərbaycanla konflikti dialoq yolu ilə həll etməkdə maraqlı olduğunu, eyni zamanda, əgər silahlı qarşıdurma baş verərsə, hərbi baxımdan hazır olduğunu bildirib.

“Biz bilirik ki, Azərbaycan münaqişəni zor gücünə həll etməyə çalışır. Ona görə də biz ordumuzun hərbi hazırlığını qoruyub saxlamalıyıq. Bu, bizim hökumət üçün prioritetdir”, deyə baş nazir bildirib. Tiqran Sarkisyan Ermənistanın “regionda ən döyüşə hazırlıqlı” silahlı qüvvəyə malik olduğunu vurğulamış və bu hazırlığın konflitin sülh yolu ilə həllinə təminat verdiyini demişdir. Onun sözlərinə görə əgər Azərbaycan Ermənistanın döyüş qabiliyyətini zəif hesab etsəydi, çoxdan müharibəyə başlamışdı.
Azərbaycan çox gözəl bilir ki, Ermənistanın yaxşı müdafiəsi var və əgər bizim rəqibimiz bunu anlamasaydı, müharibə çoxdan başlamışdı.
Tiqran Sarkisyan, Ermənistan baş naziri

Dağlıq Qarabağda aeroport açılması fikrinə münasibət bildirən Tiqran Sarkisyan belə bir aeroportun Dağlıq Qarabağda normal həyat üçün vacib olduğunu deyib. “Bizim borcumuz Dağlıq Qarabağ insanlarına yaşamağa, öz torpaqlarında işləməyə və xarici dünya ilə açıq hava yollarına malik olmasına şans verməkdir.” Baş nazir ATƏT Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağın erməni əhalisinin və Ermənistanın arzularını nəzərə alacağına ümid ifadə edib.

Cənab Sarkisyan Suriyada davam edən münaqişəyə şərh verərək hazırda Ermənistanda 7000 Suriya ermənisinin məskunlaşdığını bildirib. O, bir çox erməninin bizneslərini Suriyadan Ermənistana köçürməkdə maraqlı olduğunu söyləyib. Ermənistanla Avropa İttifaqı arasında azad viza razılığ haqda danışan baş nazir bu razılığın Ermənistanda investisiyalar və əhalinin rifahı üçün yaxşı şərait yaradacağını deyib. “Azad viza şərtləri Ermənistanı yaşamaq və işləmək üçün daha cazibədar yerə çevirəcək,” deyə Tiqran Sarkisyan bildirib.