Times qəzeti Zamirə Hacıyevanın ekstradisiyası ilə bağlı müəmmadan yazır

Zamirə Hacıyeva

Times qəzeti yazır ki, Londonda həbs edilmiş və daha sonra 500 min funt sterlinqlik zaminə buraxılmış Zamirə Hacıyevanın məsələsi Britaniya və Azərbaycan arasındakı münasibətləri bir daha debat mövzusuna çevirib.

Qəzetin yazdığına görə bəlli olub ki, Hacıyeva Britaniyanın yeni İzahedilməz Sərvət Qanununa hədəf olanadək Azərbaycan hökumətinin onun ekstradisiyasına dair ricası iki il müddətində baxılmadan qalıbmış.

Times yazır ki, Britaniyanın daxili işlər naziri Sacid Cavid Zamirə Hacıyevanın ekstradisiyasına dair ricanı, bu sənəd Azərbaycan hökuməti tərəfindən təqdim olunandan 20 ay sonra aldığını təsdiqləyib.

Məqalədə deyilir ki, bu, Britaniya mediası Zamirə Hacıyevanın Harrods mağazasında 16 milyon funt sterlinq xərclədiyini yazandan sonra baş verib. Media bu pulların Azərbaycandan mənimsənildiyini yazır. Hacıyeva hazırda Azərbaycanda həbsxanada olan keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin arvadıdır.

Zamirə Hacıyeva və Cahangir Hacıyev

Siyasi məsələ

Britaniyanın müxalif Liberal Demokrat Partiyasının lideri Vins Keybl deyib ki, bu işdən “insan haqları pozuntularında və korrupsiyada ittiham olunan rejimin yanında 'yerini şirin salmaq' üçün istifadə edilir”.

Times qəzetinin yazdığına görə, xanım Hacıyevanın “kral vəkili” statuslu müdafiəçisi Hüqo Kit deyib:

“Böyük bir ehtimalla bu ekstradisiya ricası Britaniya Daxili İşlər Nazirliyi tərəfindən və belə görünür, ekstradisiyanı istəyən ölkənin razılığı ilə bilərəkdən yubadılıb”.

Guardian qəzetinin yazdığına görə Hacıyevanın vəkili deyib: “Bizim müştərimiz əmin olaraq qalır ki, bu qəddar və siyasi motivli ekstradisiya ricasını zamanında məğlub edəcək”.

Vəkil daha sonra bildirib: “Bizim müştərimiz 55 yaşlı üç uşaq anasıdır və Birləşmiş Krallıqla mümkün olan ən güclü bağlara malikdir. Çox təəəssüf ki, Birləşmiş Krallığın hakimiyyət orqanları ilə tam əməkdaşlıq etməsinə və rica ilə bağlı bildirişlə gələrək özünü təslim etməsinə rəğmən doqquz gün müddətində həbsdə qalmağa məcbur edilib”.

Noyabrın 8-də Londondakı Yüksək Məhkəmə xanım Hacıyevanı zaminə buraxıb.

Böyük bir ehtimalla bu ekstradisiya ricası Britaniya Daxili İşlər Nazirliyi tərəfindən və belə görünür, ekstradisiyanı istəyən ölkənin razılığı ilə bilərəkdən yubadılıb.
Hüqo Kit

Hakim Ceremi Beyker deyib ki, onun zaminə buraxılmaması üçün “sanballı əsas” yoxdur.

Xəbər verilir ki, Zamirə Hacıyeva 500 min funt sterlinq zamin pulu ödəməklə buraxılır, lakin onun Londondakı evində elektron xəbərdarlıq cihazının qurulması barədə qərar qəbul edilib.

Zaminin şərtlərinə görə xanım Hacıyeva axşam saat 21-dən səhər saat 6-dək evindən çıxmamalı və gündəlik qaydada polis məntəqəsinə məruzə etməlidir.

Ona habelə hər hansı beynəlxalq tranzit qovşaqlarında olmaq və ya səfər sənədləri üçün müraciət etmək qadağan olunub.

(c) AzadlıqRadiosu