Tillerson: ABŞ Şimali Koreyaya “dinc yolla təzyiqləri” davam etdirəcək

ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Şimali Koreya tərəfindən bu həftə üç ballistik raketin buraxılması təhrikçi hərəkətdir, lakin Birləşmiş Ştatlar məsələnin dinc yola həllinə çalışmağa davam edəcək.

“Biz bunu Birləşmiş Ştatlar və bizim müttəfiqlərimizə qarşı təhrikçi hərəkət kimi qiymətləndiririk. Heç kəs Koreya yarımadasında Şimali Koreyanın nüvə silahlarına malik olmasını görmək istəmir”, Tillerson bazar günü Fox tele kanalına müsahibəsində bildirib.

ABŞ dövlət katibi Birləşmiş Ştatların Pxenyanın danışıqlar masasına gətirilməsi üçün səylərin davam etdiriləcəyini əlavə edib.

Biz bunu Birləşmiş Ştatlar və bizim müttəfiqlərimizə qarşı təhrikçi hərəkət kimi qiymətləndiririk.
Reks Tillerson

“Biz dinc yolla mənim izah etdiyim kimi təzyiq kampaniyasını davam etdirəcəyik, eyni zamanda, Pxenyan rejimini danışıqlar masasına gətirə bilib-bilməyəcəyimizi görmək üçün müttəfiqlərlə birlikdə, eləcə də Çinlə işləyirik”, deyə Tillerson bildirib.

ABŞ Hərbi Dəniz Qüvvələri Şimali Koreyanın cümə günü bir neçə qısa mənzilli ballistik raket buraxdığını təsdiq edib. Həmin raketlərin heç biri hədəf vurmayıb.

Daha öncə, Cənubi Koreya ordusunun birgə komandanlığı Şimali Koreyanın Qitdaeryonq ərazisindən bir neçə raketin buraxdığı və bunun hərbi məşğələlərin hissəsi olduğunu hesab etdikləri bildirmişdi.