Tillerson Qətəri və qonşularını dialoqa çağırıb

ABŞ dövlət katibi Reks Tillerson bazar günü deyib ki, Dohanın Səudiyyə Ərəbistanı və üç başqa müttəfiq ölkə tərəfindən Qətərə qarşı irəli sürdüyü tələbləri yerinə yetirməsi “olduqca çətindir”. Lakin Tillerson Körfəz regionunda diplomatik qarşıdurmaya son qoymaq üçün ölkələri dialoqa çağırıb.

Tillerson Qətərin tələblərin məntiqsiz və ölkənin suverenliyinə müdaxilə olduğunu deyərək, onları rədd etməsindən bir gün sonra açıqladığı bəyanatında bildirib ki, “məsələnin həll olunmasına gətirib çıxaracaq dialoq üçün əsasları təmin edən bir sıra mühüm sahələr var”. ABŞ dövlət katibi Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Doha ilə razılaşma əldə etməsi üçün hansı məsələləri nəzərdə tutduğu haqda bir söz deməyib.

Əl-Cəzirə tele şirkətinin Qətər paytaxtı Dohada studiyası

İki həftədən artıq müddətdir Qətərin regionda terorrizmə təşviq etdiyini bildirərək, ölkə ilə diplomatik əlaqələri kəsən dörd ərəb ölkəsi Dohaya tələblərini keçən həftə Küveyt vasitəsilə çatdırıb. Bu tələblər arasında Əl-Cəzirə tele kanalının bağlanması da var.

Biz inanırıq ki, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız bir məqsədə nail olunması üçün birlikdə işlədikdə daha güclü olur. Biz hamımız bu məqsədin terrorizmin qarşısını almaq və ekstremizmlə mübarizə olduğu məsələsində razılaşmışıq.
Reks Tillerson

Dörd ərəb ölkəsi Qətərdən habelə Müsəlman Qardaşları təşkilatı, İslam Dövləti qrupu, Əl-Qaidə və Livanda İranın dəstələdiyi Hizbullah hərəkatı ilə əlaqələri kəsmək kimi tələb irəli sürüb. Bundan əlavə, Qətərdən İranla əlaqələrini məhdudlaşdırmaq, nəzarətdə saxladığı müxalifət fəallarının təhvil vermək və Türkiyənin ölkədəki hərbi bazasını bağlamaq tələb olunur.

Türkiyə hərbi qüvvələri Qətərdə hərbi bazaya texnika gətirir, Doha, 23 iyun 2017

Tillerson bildirib ki, bu ölkələr görüşüb birlikdə dialoqu davam etdirsə, bu növbəti produktiv addım olardı.

“Biz inanırıq ki, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız bir məqsədə nail olunması üçün birlikdə işlədikdə daha güclü olur. Biz hamımız bu məqsədin terrorizmin qarşısını almaq və ekstremizmlə mübarizə olduğu məsələsində razılaşmışıq.”

ABŞ dövlət katibi bildirib ki, bu ölkələrdən hər biri bu səylərə töhfə verə bilər.

“Ritorikanın tonunun zəiflədilməsi gərginliyin azalmasına xidmət edə bilər. Birləşmiş Ştatlar bütün tərəflərlə yaxın təmasda olacaq və Küveyt əmirinin vasitəçilik səylərinə dəstəyi davam etdirəcək”, Tillersonun bəyanatında deyilir.