ABŞ dövlət katibi Reks Tillerson deyib ki, Şimali Koreya ilə nüvə proqramı və ballistik raketlərlə bağlı müzakirələr o ölkənin ciddi danışıqlara hazır olduğu vaxt mümkün ola bilər.
Biz dəfələrlə Şimali Koreyaya demişik ki, səmimi və mənalı danışıqlara başlamaq ondan asılıdır
"İndi bir fikir söyləməyə çox tezdir. Biz dəfələrlə Şimali Koreyaya demişik ki, səmimi və mənalı danışıqlara başlamaq ondan asılıdır. Onlar müzakirələr masasında nəyin olacağını yaxşı bilir" - deyə, Tillerson Misirdə ikən bildirib.
ABŞ dövlət katibi Misirin xarici işlər naziri ilə birgə mətbuat konfransında iştirak edib.
Tərəflər regional təhlükəsizlik, Liviya və Suriyadakı durumları, habelə Fələstin-İsrail sülh prosesini gündəmə gətirib.
Tillerson bildirib ki, Misir xalqı ABŞ-ın o ölkəyə terrorizmlə mübarizədə dəstəyini davam etdərəcəyindən əmin olmalıdır.
Tillersonun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Küveytdə İslam Dövləti qruplaşmasını məğlub etməyi hədəfləyən qlobal koalisiyanın nazirlər iclasına və İraqın Bərpası Konfransına qatılacaq.
ABŞ dövlət katibinin region liderləri ilə danışıqlarında Suriyada yeddi ildir gedən vətəndaş müharibəsinin əsas müzakirə mövzusu olacağı bildirilir.
BMT-nin Təhlükəsizlik Şurası BMT humanitar rəsmilərinin Suriyada bir aylıq humanitar atəşkəs elan olunmasıyla bağlı müraciətini rədd edib.