Reks Tillerson Myanmaya səfər edib

ABŞ dövlət katibi Reks Tillerson Myanmanın de-facto lideri Aunq San Suu Ki və hərbi liderlə Rohinca müsəlmanlarının qaçqın böhranını müzakirə etmək üçün Myanmaya səfər edib.

Aunq San Suu Ki ilə qısa mətbuat konfransında Tillerson deyib ki, müstəqil təhqiqat Banqladeşə pənah aparan Rohinca müsəlmanlarına qarşı törədilmiş zorakılığın səbəblərini müəyyən edə bilər.

“Ötən il seçilmiş hökumət hakimiyyətə gəldikdən sonra Rakin ştatında böhran Myanmanın üzləşdiyi ən ciddi məsələdir. Biz Myanma təhlükəsizlik qüvvələri və digər qrupların törətdiyi zorakılıqlar barədə mətbuatda geniş yayılmış xəbərlərdən çox narahatıq. Biz həmçinin, yüz minlərlə kişi, qadın və uşağın evlərindən didərgin düşməyə vadar edilmələrindən narahatıq” deyə Reks Tillerson bildirib.

Tillerson avqustda militant qrupun Myanmada polis məntəqəsinə hücumlarına cavab olaraq hərbi qüvvələri Rohincanın kəndlərində yanğınlar törətməkdə təqsirləndirilən ordu rəhbəri Min Aunq Hlainq-lə də görüşüb.

Böhrana reaksiya bildirməkdə ləngiməsinə görə Nobel mükafatı laureatı və demokratiya tərəfdarı olması ilə tanınan Aunq San Suu Ki tənqidlərlə üzləşib.

Demokratiyaya həssas keçid zamanı hakimiyyəti hərbi qüvvələrlə bölüşməsinə görə Aunq San Suu Ki bir çox Qərb dövlətləri tərəfindən tənqid edilib.