Tikantəpəli fəallara basqılar artıb

Azərbaycan veb səhifələrinə istinadən, Qərbi Azərbaycan vilayətində rəsmi adı Tekab, amma əhalinin Tikantəpə adlandırdığı şəhərdə Beynəlxalq Ana Dili Günündən bəri İranın Ettelaat qurumu tərəfindən tətbiq edilən təhlükəsizlik tədbirləri və türk fəallarına qarşı basqılar artaraq davam etməkdədir.

Günaz TV veb səhifəsi bir neçə Tikantəpəli milli fəalın təhlükəsizlik qurumları tərəfindən çağırılıb və hədə-qorxuya məruz qaldığı ilə bağlı məlumat yayıb. Ettelaat idarəsi tərəfindən təqib və təhdidə məruz qalan milli fəallardan Murtaza Ərcümənd, Kiyumərs Ərcümənd, Şəhram Şövqi və Möhsün Şükrinin adları qeyd edilib.

Tikantəpəli məhbus Yədulla Dəşti

Yayılan məlumata istinadən, hazırda Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində həbs müddətini keçirməkdə olan tikantəpəli fəal Yədulla Dəştinin (Elman) yaxınları və ailə üzvləri də Ettelaatın təzyiqləri ilə üzləşib. Ettelaat həmçinin Dəştinin yaxınlarını onun “Əfşar Yurdu” adlı mağazasını qapatmaqla təhdid edib.


“Məmurlar məhbusun mağazasını gözətləyir, mağazaya gəlib-gedənlərlə bağlı araşdırma aparırlar. Hazırda bu iş yerini idarə edən Möhsün Şükriyə hədə-qorxu gələrək, dükanı qapatmaqla təhdid ediblər,”-deyə Günaz TV yazıb.

Qərbi Azərbaycan vilayətinin güneyində yerləşən Tikantəpə şəhərinin sakinlərinin çoxu Əfşar türklərindən ibarət olduğu üçün bu şəhər Əfşar Tikantəpə adı ilə də tanınır.