2017-ci ildə Gömrük Komitəsi ilk dəfə hesabatında Azərbaycanın ət, ət məhsulları, hətta mal-qara ixracını artırması barədə məlumat verib. 2017-ci ilin I yarısında diri çəkidə $907 min məbləğində mal ixrac edilib. Bu, 2016-cı ilin eyni dövründəkindən ($236,5 min) 384% çoxdur. Ət və ət məhsulları ixracı 2017-ci ilin I yarısında $159,8 min olub. Bu, 2016-cı ilin eyni dövründəkindən ($53,4 min) 299% çoxdur. Süd məhsulları, yumurta və bal ixracında (2016-cı ilin 6 ayında $788,8 min, 2017-ci ilin 6 ayında $3806,5) 489% artım olub.
Azərbaycanın ət və süd məhsullarının əsas idxalçıları Körfəzin ərəb ölkələri olub. Qətərin Lulu Group International şirkətinin direktoru Məhəmməd Altaf bildirib ki, Qətərin iqtisadi blokadasına qədər ölkə biznesmenləri Azərbaycan və qonşu ölkələrdən məhsul idxalı ilə maraqlanmayıb. "Amma hazırda Azərbaycan və qonşu ölkələr İranın razılığı ilə Bəndər Abbas limanına çıxa bilir. Bu, limandan Qətərə malı 24 saata çatdırmağa imkan verir ", - deyə Altaf bildirib.
Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Abdullayev ərəblərin Azərbaycanın ət məhsullarına marağını təsdiq edir.
Gömrük Komitəsi ərəb ölkələrinə ixrac edilən malların adı barədə məlumat vermir. Amma bu ölkələrə Azərbaycanın ət məhsulları, meyvə və tərəvəz ixracatında artım olduğunu deməyə əsas var. 2017-ci ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən Azərbaycandan Qətərə ixracat 78 dəfə artıb. 2016-cı ilin I yarısında Qətər $23,67 min, 2017-ci ilin eyni dövründə $2 mln 077.5 min məbləğində mal idxal edib. BƏƏ-yə Azərbaycanın ixracatı 107% ($6 mln 110.44 mindən $6 mln 558.44 minədək) artıb. İordaniyaya 2016-cı ilin I yarısında Azərbaycandan $1 mln 403.8 min, bir il sonra $3 mln 689.1 min (263%) məbləğində mal ixrac edilib. Misir AR-dan idxalı 479,5% ($224.16 min və $1 mln 075 min) artırıb.
Azərbaycandan ət, ət məhsulları, diri mal-qaranın ərəb ölkələrinə ixracının kəskin artmasına bu ölkələrdən Azərbaycana turist axınının artması ilə izah etmək olar. Dövlətin qeyri-neft sektorunun ixrac potensialının artırılması üzrə aktivliyi də rol oynayıb. İqtisadiyyat naziri Şahin Mustafayev "Azərtac"a müsahibəsində deyib ki, dövlət "Made in Azerbaijan" brendini xarici ölkələrdə təşviq edir, ixrac missiyaları təşkil edir, qeyri-neft məhsulları ixracının çeşidlərinin artırılması üzrə başqa tədbirlər görür. 2016-cı ilin sonunda Dubaya bir ixrac missiyası göndərilib. Meyvə şirəsi, mineral sular, meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını təqdim edib.
Azərbaycan xaricə ət məhsulları ixrac etməyə başlayıb, amma ölkədə ət məhsulları istehsalı az artıb. Dövlətstatkomun məlumatına görə, 2017-ci ilin I yarısında ət istehsalı 2,4% artaraq, 312,6 min tona çatıb. Bu, yerli bazarın tələbinin 34%-i təmin edir.