İran prezidentinin dəfn mərasiminə minlərlə insan toplaşıb

Cümə axşamı minlərlə insan İbrahim Rəisinin yas mərasimi və İranın müqəddəs qızıl qübbəli İmam Rza məbədində dəfni üçün Məşhəd şəhərində küçələrə çıxıb.

63 yaşlı Rəisi bazar günü ölkənin xarici işlər naziri Hüseyn Əmirabdullahian və daha altı nəfərlə birlikdə İranın dağlıq şimal-qərb hissəsindəki Şərqi Azərbaycan vilayətində helikopterin qəzaya uğraması nəticəsində həlak olub. Rəisinin İranda son sözə sahib 85 yaşlı ali ruhani lideri Əli Xameneinin xələfi ola biləcəyi gözlənilirdi.

Məşhəddə Rəisinin xatirəsini yad etmək üçün toplanan insanların çoxu qara geyimdə olublar və sinələrini döyüblər. Yük maşını onun tabutunu küçə boyu daşıyıb, insanlar isə ona toxunmağa çalışıb və üzərinə şərf və çiçəkilər atıblar.

İmam Rza məbədi IX əsrdə İmam Əli Ər-Rzanın dəfn edildiyi yer olaraq müqəddəs hesab olunur. Rəisi özü də paytaxt Tehrandan 900 kilometr şərqində yerləşən Məşhəd şəhərində dünyaya gəlib.

Bundan öncə onun tabutu kortejlə ölkənin şərqindəki Birjand şəhərindən keçərkən minlərlə insan ona ehtiramlarını çatdırıb.

Rəisinin dəfn mərasimi üçün toplaşan izdiham böyük olsa da, 2020-ci ildə Bağdadda ABŞ-ın dron hücumu nəticəsində ölən İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin dəfni üçün toplaşan izdihamla müqayisədə daha kiçik olub.

Mümkündür ki, bu, ictimaiyyətin Rəisinin prezidentliyi ilə bağlı hisslərini əks etdirir. Belə ki, onun prezidentliyi dövründə hökumət 2022-ci ildə baş örtüyünü düzgün taxmadığına görə saxlanılan Məhsa Əmininin ölümü ilə bağlı etirazlar zamanı bütün müxalif səsləri sərt şəkildə boğub.

İranda sosial media istifadəçiləri ölkənin müxtəlif hissələrində insanların Rəisinin ölümünü qeyd etmək üçün bazar ertəsi şəkər və şokolad payladıqlarını göstərən videolar yayıblar.

Xamenei bazar günü baş verən qəzaya qədər az tanınan birinci vitse-prezident Məhəmməd Moxberi İranın müvəqqəti prezidenti elan edib. Prezident seçkiləri iyunun 28-də təyin edilib.