Təhlil: Putinin hakimiyyətə qayıdışı nə vəd edir?

  • Əsgər Möhsümoğlu
“Rusiyada seçkilər nə azad, nə ədalətli, nə Rusiya qanunlarına, nə də beynəlxalq standartlara müvafiq şəkildə keçirilməyib,” deyə Qolos müstəqil seçki monitorinq mərkəzi bildirir. Təşkilat iddia edir ki, Putinin topladığı səslər əslində 51 faizdən aşağıdır.

Vladimir Putin xarici müşahidəçilərin qüsurlu hesab etdiyi seçkilərdə əzici qələbə çaldıqdan sonra yenidən Kremlə köçməyə hazırlaşır. Bazar ertəsi axşam 25 minə yaxın etirazçı Moskvanın Puşkin meydanına axışaraq “Putinsiz Rusiya” şüarı altında nümayiş keçirib. Seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifətin qarşıdan gələn həftələrdə silislə nümayişlər keçirəcəyi gözlənilir.

Bazar günü seçkilərində təqribən 64 faiz səs toplayan Putin rəqiblərini böyük səs fərqi ilə geridə qoyub. Onun əsas rəqibi Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov Putindən bir neçə dəfə az səs toplayıb.

Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya üzrə təhlilçisi Metyu Rojanski Putinin seçkilərdə qələbəsini təkcə inzibati-amirlik metodları ilə izah etməyi düzgün hesab etmir. Onun sözlərinə görə Putin rus cəmiyyətində kifayət qədər ictimai dəstəyə malikdir:

“Onun rus siyasi sistemində dominantlıq etməsi üçün ciddi səbəblər var. Birincisi, real alternativlərin olmamasıdır. Rus xalqı hesab edir ki, o, kommunizmi, millətçiliyi və 1990-cı illərdə liberalizmi sınaqdan keçirib, və bir şey alınmayıb. Ümumi hiss budur ki, Putin səriştəliliyi və idarəçilik xüsusiyyətlərini özündə əks etdirir və bu sistem Rusiyada işləyib. Çox sayda ruslar bunu qəbul edirlər. İkinci səbəb odur ki, ya bəxtdən, ya da qabiliyyətdən asılı olaraq Putin Rusiyada böyük iqtisadi artım perioduna rəhbərlik edib. Rusiya həm də qlobal qüdrət baxımdan nüfuzunu genişləndirib.”

Amma seçkilərdə saxtakarlıq halları barədə narahatlıqlar Rusiyada dekabrın 4-də keçirilmiş parlament seçkilərindən sonrakı atmosferi xatırladır.

“Rusiyada seçkilər nə azad, nə ədalətli, nə Rusiya qanunlarına, nə də beynəlxalq standartlara müvafiq şəkildə keçirilməyib,” deyə Qolos müstəqil seçki monitorinq mərkəzi bildirir. Təşkilat iddia edir ki, Putinin topladığı səslər əslində 51 faizdən aşağıdır.

ATƏT-in rəhbərlik ertdiyi beynəlxalq müşahidəçilər də bildirirlər ki, hərçənd ki, seçkilərdə şəffaflıq artıb, seçki kampaniyası əsaslı şəkildə Putinin xeyrinə olan mühitdə keçib və səsvermədə ciddi pozuntular qeydə alınıb. Təşkilatın bildirdiyinə görə səsvermə məntəqələrinin üçdə birində qeyri-qanuni davranış müşahidə olunub.

Buna baxmayaraq, xarici dövlət başçıları, o cümlədən Böyük Britaniya, Almaniya və Yaponiya rəhbərləri seçkilərin nəticələrini qəbul etdiklərini bəyan edirlər. Belə ki, Putinin topladığı 63.6 faiz səs əksər müşahidəçilərin proqnozlaşdırdıqlarından daha böyük rəqəmdir.

Metyu Rojanski hesab edir ki, Putinin qələbəsi heç də liderin üzləşdiyi problemlərin sonu deyil:

“Putinin taktiki və strateji baxımdan təhlükəyə məruz qaldığı əsas sfera qarşıdakı aylarda və illərdə onun vədlərini yerinə yetirə bilməməsi perspektividir. Putin korrupsiya haqda danışır, amma korrupsiya sistemin tərkib hissəsidir. Cəmiyyətdə belə bir hsiss var ki, korrupsiya ən aşağı səviyyələrdən başlayıb ən yuxarı instansiyalara gedib çıxır. Korrupsiya özünü daha çox siyasi liderlərin bizneslə sıx münasibətlərində özünü büruzə verir. Ola bilsin ki, bəzi ruslar ona şans vermək istəyirlər ki, dedikləri ilə reallıq arasındakı boşluğu doldursun, amma çoxları buna inanmır.”

Gözlənilmədən Rusiya prezidenti Dmitri Medvedev sabiq rus maqnatı Mixail Xodorkovskinin məhkum edilməsini araşdırmaq barədə göstəriş verib. Müxalifət uzun illər bu həbsi siyasi motivlərlə əsaslandırıb.

Növbəti altı ilə mandat almış Putin Kremlə sürətli sosial dəyişikliklərin baş verdiyi, ölkədə orta sinfin və internetdən istifadənin genişləndiyi bir məqamda gəlir. Üzləşdiyi sınaqlar Putini qələbə sevincini dadmaqdan saxlamayıb. Tərəfdarları qarşısındakı çıxışını “Rusiyaya eşq olsun!” şüarı ilə bitirən Putin hakimiyyətə qayıdışını hələlik bayram edir.