Azərbaycanda III Respublika Platforması adlı təşkilat yaradılıb

III Respublika Platforması

Dekabrın 7-də bir qrup ictimai-siyasi şəxs Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə III Respublika Platformasını təsis edib.

Platformanın təsisçiləri arasından Qurucu Heyət seçilib. Heyətə Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadıqlı daxildir.

Quruluş bəyanında deyilir ki, Qurucu Heyət təşkilatı təmsil və qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu Spiker seçib:

“Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb”.

III Respublika Platformasının yaydığı bəyanatda bildirilir ki, Azərbaycanın torpaqlarını azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi ölkənin gələcək ictimai-siyasi mənzərəsi ilə bağlı yeni reallıqlar yaradıb:

“Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan siyasi səhnəsində olan aparıcı oyunçuların hamısını (iqtidarda olan hakim siyasi qüvvə və onun əsas opponentləri) Qarabağ mövzusu meydana çıxarıb. 1990-93-cü illərdə Azərbaycanda üç hakimiyyət dəyişikliyinin səbəbi də məhz Qarabağda baş verən uğursuzluqlar olub. Həmin dövrdə cəmiyyətin ictimai-siyasi ovqatında Qarabağ probleminin həllində uğur qazanmağı vəd edən və buna inandırmağı bacaran istənilən siyasi qüvvəni hakimiyyətdə saxlamaq həlledici rol oynayırdı”.

“Özündən əvvəlki qüvvələrin taleyindən nəticə çıxaran hazırkı iqtidar daha çevik davranaraq hakimiyyətə gəldiyi ilk dövrdə üzləşdiyi hərbi uğursuzluqların ardınca qarşılıqlı atəşkəs razılaşmasını təmin etməyi və uzunmüddətli dövrdə öz hakimiyyətini möhkəmləndirməyi bacardı. Lakin bu amil İkinci Qarabağ müharibəsi başlananadək ötən 27 il ərzində dəyişməz iqtidar üçün siyasi və mənəvi legitimlik problemini həll etmədi. Məhz bu səbəbdən Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə keçirilən 20-yə yaxın seçki istisnasız olaraq saxtalaşdırıldı və cəmiyyətin azad seçiminə etibar edilmədi”, – deyə təşkilatın quruluş bəyanatında qeyd olunur.

Sənəddə vurğulanır ki, hakimiyyət demokratiyanın boğulmasını, azad media və vətəndaş cəmiyyətinin, alternativ siyasi qüvvələrin sıradan çıxarılmasını ölkənin müharibə şəraitində olması, Qarabağ probleminin davam etməsi ilə əsaslandırmağa çalışıb və bütün təbliğat resurslarını bu rəyin ictimai düşüncədə oturuşmasına səfərbər edib:

“İctimai rəyə təlqin olunan əsas arqument bu oldu ki, demokratik siyasi islahatların həyata keçirilməsi, söz və ifadə azadlığının təşəkkül tapması Qarabağ problemini ortaya çıxaran separatizm meylləri üçün daha geniş meydan açacaq, ölkəni zəiflədəcək. Bir sözlə, 27 illik iqtidarın gücü və siyasi gündəliyi Qarabağ mövzusu üzərindən formalaşdırıldı. “Ölkənin Qarabağ boyda dərdi var!” populyar deyimi də məhz bu səbəblə məqsədli şəkildə ortaya atılmışdı. Fərqli arqumentlərlə oxşar yanaşma alternativ siyasi qüvvələr üçün də keçərli oldu. Belə ki, müxalifətin də siyasi gündəliyi əsasən Qarabağ mövzusu üzərindən formalaşmışdı”. “Şübhəsiz ki, ictimai rəyin ölkənin ərazi bütövlüyünü bir nömrəli problem kimi qəbul etməsi faktı alternativ siyasi qüvvələrin təbliğat və proqramına təsir etməyə bilməzdi. Bununla belə, müxalifət Azərbaycanın çox dərin siyasi, demoqrafik, sosial-iqtisadi, ekoloji problemlərinin də Qarabağ məsələsi qədər əhəmiyyətli olması istiqamətində ictimai rəy formalaşdıra bilmədi. Son üç onillikdə ölkədə siyasi mübarizə və polemikanın aparıcı mövzusu Qarabağ məsələsi oldu və digər bütün fundamental problemlərin ictimai qavrayışı və müzakirəsi çox sönük qaldı”, – deyə təşkilat qeyd edib.

Bəyanatda iqtidarın Qarabağ üzərində Azərbaycanın suverenliyini təmin etməsinin hökumətin və alternativ siyasi qüvvələrin əsas siyasi mübarizə arqumentini aradan qaldırdığı bildirilir:

“Qarabağ mövzusunun meydana gətirdiyi, eləcə də 30 ilə yaxın ayaqda saxladığı qüvvələr üçün bütöv bir siyasi epoxa sona çatıb. Bununla belə, həm hakim, həm də opponent siyasi qüvvələrin əsas ideoloji kimliyi milliyətçilik və etatizm olaraq qalmaqda davam edir ki, bu da avtoritarizmi möhkəmləndirən əsas siyasi qidadır”.

III Respublika Platforması hesab edir ki, belə bir reallıqda ölkənin gələcəyi üçün yeni siyasi qüvvələrin fərqli gündəliklə ortaya çıxması zəruridir:

“Yeni gündəliyi şərti olaraq “Post-Qarabağ gündəliyi” də adlandırmaq olar. Bu gündəliyin aparıcı elementləri ölkədə avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtina, çağdaş demokratik siyasi sistemə keçid, ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası, desentralizasiyanın təmin edilməsi vasitəsilə bölgələrarası inkişafda kəskin disbalansın aradan qaldırılması və bölgələrin yaşanılabilən məkanlara çevrilməsi, siyasi mənşəli gəlir bərabərsizliyinin mənbələrinin və endemik korrupsiyanın aradan qaldırılması, iqlim dəyişikliyinin ələlxüsus kənd təsərrüfatına vurduğu zərərin mümkün qədər azaldılması, keyfiyyətli həyat standartının inkişafı kimi strateji məsələlər olmalıdır. Bir müddət sonra post-Qarabağ dövrünü postneft dövrü müşayiət edəcək və bu mərhələ Azərbaycan üçün ağır sosial-iqtisadi problemlər meydana gətirəcək. Bu baxımdan dayanıqlı iqtisadi inkişaf məsələsi də “Post-Qarabağ gündəliyi”nin aparıcı elementlərindən biri olmalıdır. Yuxarıda sadalanan hədəflərə çatmaq naminə təsisçilər olaraq III Respublika Platformasını yaratdığımızı bəyan edirik”.

Platforma bəyan edir ki, fəaliyyətinin əsas ağırlıq mərkəzi təməl hüquq və azadlıqların təminatını hədəfləyən fəal vətəndaş iştirakçılığıdır. Təşkilat həmçinin bildirir ki, onun missiyası idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etməkdir.