İran Daxili İşlər naziri Əhməd Vəhidinin Şərqi Azərbaycan vilayətində Şərqi Azərbaycan Planlaşdırma və İnkişaf Şurasının iclasındakı ifadələri İran Azərbaycanının mediası və milli fəalları arasında reaksiyaya səbəb olub.
Tasnim xəbər agentliyinin məlumatına istinadən, Əhməd Vəhidi həmin iclasda deyib ki, Şərqi Azərbaycan müdirləri Tehran tərəfindən verilən "məhdud" kreditlər və büdcələrə arxalanmamalıdır. Daxili İşlər naziri vilayətdəki "özəl sektorun" imkanlarınının geniş olduğunu iddia edərək, "regionda inkişaf potensialı çox böyükdür" -deyə əlavə edib.
Əhmədi həmçinin qeyd edib ki, Şərqi Azərbaycan müdirləri "özəl və xarici investisiyaların cəlb edilməsi" üçün cəhd göstərməldirlər. O, hökumətin maliyyə resurslarının "çox məhdud olduğunu" və sürətlənmiş inkişaf üçün heç bir şəkildə "yetərli olmadığını" vurğulayıb.
Azərbaycan vilayətlərinin valiləri arasında səlahiyyətlərinin məhdud olduğundan şikayətçi olan sadəcə Abidin Xürrəm deyil.
Şərqi Azərbaycanın Həsən Ruhani dövründə valisi olan Məhəmmədrza Purməhəmmədi vəzifəsindən ayrıldıqdan sonra yeni valinin təqdimat mərasimində büdcənin 85%-inin nazirliklərin əlində olduğunu və valilərin burada əsasən "işəgötürən" olduqlarını dilə gətirmişdi.
İbrahim Rəisinin Şərqi Azərbaycana təyin etdiyi vali Abidin Xürrəm Daxili İşlər naziri ilə keçirdiyi bir iclasda valiliklərə milli inkişaf və tikinti layihələri ilə əlaqədar heç bir səlahiyyət verilmədiyini irəli sürərək tənqid etmişdi.
Təbrizdən deputat Məsud Pezeşkiyan martın 9-da yarı-rəsmi İSNA xəbər agentliyinə büdcədə Şərqi Azərbaycanın ümumi kreditinin min milyard tümən olduğunu, buna baxmayaraq bu rəqəmdən 500 milyard tümənin onlara verilmədiyini iddia etmişdi. Pezeşkiyan həmçinin Urmiyə gölünə Zab tunelinin çəkilişi və Təbrizdə metro layihələri üçün büdcənin nəzərdə tutulmadığını irəli sürmüşdü.
Sosial media istifadəçiləri Daxili İşlər nazirinin bu ifadəsinə reaksiya verərək, Azərbaycan vilayətlərinin gəlirinin Tehrana göndərilməsini tənqid ediblər. Bir Twitter istifadəçisi nazirin ifadəsini qeyd edərək "görösən bu proses Azərbaycan vilayətlərinin milli büdcədən məhrum edilməsinin və öz başına buraxılmasının başlanğıcıdırmı?" deyə sual edib.
Başqa bir Twitter istifadəçisı də nazirin söylədiklərinin məqsədəuyğun olduğunu qeyd edirək, 3 şərt irəli sürüb. O yazıb ki, "vilayətin direktorları birbaşa xalq tərəfindən, mərkəzin və Nəzarət Şurasının rəyi olmadan seçilməlidir, Azərbaycan vilayətlərinin müstəqil şəkildə ixrac və idxalına icazə verilməlidir və Tehranın əli Azərbaycanın cibində olmamalıdır.
İran Azərbaycanında milli fəallar ölkənin mərkəzçi idarə sistemini tənqid edir, hökumətin Azərbaycan və ölkənin digər sərhəd bölgələrində yaşayan qeyri-fars icmalara qarşı ədalətsiz yanaşdığını irəli sürürlər.