Teymur Sadıxov: Bu nöqtəyə çatmağıma təyyarə mühəndisliyi adını sevməyim səbəb olub [Amerikana]

Your browser doesn’t support HTML5

Teymur Sadıxov: Bu nöqtəyə çatmağıma təyyarə mühəndisliyi adını sevməyim səbəb olub [Amerikana]

Aerokosmik mühəndislik üzrə fəlsəfə elmləri doktoru Teymur Sadıxov hazırda Mercedes şirkəti ilə birlikdə insan ölümlərinin sayının azaldılması üzərində çalışır.

Bu gün Amerikana proqramının qonağı ABŞ-da NASA kimi nüfuzlu qurumlarda çalışmış azərbaycanlı gənc alim Teymur Sadıxovdur.

Emil Quliyev: Teymur, əvvəlcə səni yeni iş yerin münasibətilə təbrik edirəm. Uzun illər NASA-da çalışdıqdan sonra bu yaxınlarda Mercedes şirkətində işə başlamısan. Hər halda çoxları səni aviasiya sahəsində tanıdığından bəlkə də bu dəyişikliyi o qədər də müsbət qarşılamır. Bəs sən özün necə, bunu karyeranda irəliləyiş hesab edirsənmi?

Teymur Sadıxov: Əlbəttə, edirəm. Bakalavr olaraq aviasiyadan başlamışam. Amma ən son işlədiyim işlər, xüsusilə vertolyotların idarə olunmasından sonra işlədiyim işlər daha çox yer üzərində idarə edilən robotlar haqqında idi. Məsələn, NASA-dakı işim Amerika Donanması ilə birlikdə idi və orada gördüyümüz iş onsuz da əsasən aerokosmosla əlaqəsi olmayan iş idi. Amerika Donanmasının Yer üzərində hərəkət edən Hammer tərzli cihazlarının robotlaşdırılması ilə məşğul idim. Bu, daimi layihə olmadığı üçün və sadəcə donanmanın qrantları ilə çalışdığı üçün mən qərar verdim ki, Mercedes üçün bu, çox daha vacibdir və insanların həyatını xilas etmək daha mühüm işdir. Ona görə Mercedesə transfer oldum. Çünki hər il yalnız Amerikada avtomobil qəzası nəticəsində 30 min adam ölür. Biz bunları tamamilə özü-özünə sürülən avtomobillər halına gətirsək və hətta insanları tamamilə avtomobil pilotluğundan, avtomobil sürməkdən çıxarsaq, mən əminəm ki, biz bu 30 min rəqəmini çox-çox azalda bilərik. Mən bu işə NASA-da başlamışdım, davam etdirmək istədim və hələlik avtomobil sahəsinə keçdim və eyni tədqiqatı edirəm.

Emil Quliyev: NASA-nı tərk etməyinə nə səbəb oldu? Hazırda Mercedesdə hansı işlə məşğulsan?

Teymur Sadıxov: Dediyim kimi NASA-da məşğul olduğum sahələrdən biri Amerika Dəniz Donanmasının maliyyələşdirməsi ilə baş verən layihə idi: özü-özünə sürülən Hammerlərin dizaynı və tərtib edilməsi. Amma bu layihə qrant sayəsində olduğu üçün və qrant daimi olmadığı üçün, maliyyə kəsildiyi zaman başqa bir layihəyə keçmək məcburiyyətində idim. Mənim isə bu layihə xoşuma gəlmişdi. Ona görə sadəcə keçdim avtomobil-tədqiqat hissəsinə və əsasən də Mercedesə, çünki Mercedes bu cür işlərdə həmişə birinci olub. Mercedes şirkəti üçün bu çox önəmli mövzudur. Onlar da mənim kimi istəyirlər ki, avtomobil qəzası nəticəsində ölümlərin sayı azalsın. Bunun üçün də özü-özünə idarə olunan avtomobillər hazırlamaq lazımdır.

Mercedesdə hazırda gördüyüm işə gəldikdə, Mercedesin “Autonomous Driving” - özü-özünə idarə olunan avtomobillər elmi-tədqiqat hissəsi Kaliforniyada, Sunnyvale şəhərində, yəni San Fransisko ətrafında yerləşir. Mən də bu kampusda işləyirəm. Əsas komandamız özü-özünə sürən avtomobillər elmi-tədqiqat komandasıdır və mən orada senior vehicle intelligence engineer, yəni özü-özünə sürülən avtomobillər üzrə baş mühəndisəm.

Emil Quliyev: NASA-da fəaliyyətin barədə danışmamışdan əvvəl istəyərdim ki, özün haqqında izləyicilərimizə qısa məlumat verəsən. Harada təhsil almısan, bu mərhələyə necə gəlib çatmısan?

Teymur Sadıxov: Orta məktəb təhsilini 5-ci mikrorayonda 211 nömrəli orta məktəbdə almışam. Daha sonra Türkiyə təqaüdü ilə İstanbul Texniki Universitetində oxumuşam. Oradan birinciliklə məzun olub Amerikada 10 ali məktəbə qəbul olmuşam. İlk seçimim Kaliforniya Universiteti, San Dieqo olmuşdu. Onlar təqaüd təklif etmişdilər və San Dieqo o zamanlar xoşuma gələn şəhər idi. Fəqət iki il yaşadıqdan sonra qərar verdim ki, daha böyük bir mühəndislik məktəbinə keçmək istəyirəm. Magistraturanı orada alıb, doktorantura üçün Amerikanın ən böyük texnologiya və mühəndislik universiteti olan Corciya Texnologiya Universitetinə transfer oldum. Orada hələ də aerokosmik mühəndislik üzrə təhsil alırdım. Türkiyədə bakalavr dərəcəmi təyyarə mühəndisliyi, magistr mexanika mühəndisliyi və doktorluq dərəcəsini aerokosmik mühəndislik üzrə aldım. Doktorantura alarkən yolüstü Corciya Texnologiya İnstitutundan riyaziyyat üzrə magistr da aldım.

Emil Quliyev: Türkiyədə təhsil alırdım, bəs sonradan Amerikaya necə gəldin?

Teymur Sadıxov: Mən Türkiyədə mühəndislik üzrə ən böyük universitetlərdən olan İstanbul Texniki Universitetində oxuyurdum. Bu və bir neçə başqa Türkiyə universiteti Amerikada çox məşhurdur. Yəni oradan tələbə qəbul olunur. Mən o universiteti birinciliklə bitirdim və bundan başqa universitetin tarixində ilk dəfə 4.0 ortalama ilə məzun olan bir tələbə kimi müraciət etdiyim bütün universitetlər çox asanlıqla məni qəbul etdilər. Onların hər biri hətta mənə təqaüd təklif etmişdi. Ona görə oradan bura keçmək çox böyük problem deyildi.

Emil Quliyev: Necə oldu ki, NASA-da işə başladın?

Teymur Sadıxov: NASA-ya keçidim yenə də mənim universitetimlə əlaqəli idi. Çünki ondan bir il əvvəl, hələ 2013-cü ildə Sikorski vertolyotlarında özü-özünə idarə olunan vertolyotlar üzərində işləmişdim. Bu, Konnektikut ştatında yerləşir. Daha sonra 2014-cü ilin yayında NASA-dan bir neçə insan bizim universitetə müraciət etdi. Çünki bizim fakultə dünyada aerokosmik mühəndislik üzrə ən böyük departament sayılır. Dedilər ki, bizə bəzi mövzularda kömək lazımdır və sizin məsləhət görə biləcəyiniz tələbələriniz varmı? Bir neçə professor məni məsləhət gördü və mən beləliklə NASA-da işə başladım. Planda çox yox idi, sadəcə onlar istədilər və layihəni mənə dedilər. Bir neçə layihə var idi, xoşuma gələnləri oldu və mən orada işləməyə başladım.

Emil Quliyev: NASA-dakı fəaliyyətlərin nədən ibarət idi, orada hansı araşdırmalar, hansı layihələr üzərində çalışırdın?

Teymur Sadıxov: Bir neçə layihə var idi, bəziləri haqqında çox məlumat verə bilmirəm. Sadəcə bir hissəsi Marsın üzərində olan Curiosity Rover–i ilə əlaqəli idi. Əsas layihə isə Yer üzərində Amerika Dəniz Donanması ilə birlikdə olan Hammerlərin öz-özünə idarə isə bağlı layihə idi.

Emil Quliyev: Məlumdur ki, mühəndislik, xüsusilə də aviasiya mühəndisliyi Azərbaycanda o qədər də populyar olmayan sahədi. Necə oldu ki, bu sahəyə üstünlük verdin? Fərqlilik, yoxsa təsadüf?

Teymur Sadıxov: (Gülür) Bu, əsasən təsadüf idi. Çünki Azərbaycanda belə bir sahə yoxdur. Mən Türkiyə Cümhuriyyətləri Sınavı – TCS imtahanına girdim və orada 45-ə yaxın yer var idi, fərqli-fərqli fakultələr. Mənim ad olaraq ən çox xoşuma gələn ləyihə təyyarə mühəndisliyi fakultəsi idi. İlk olaraq da onu yazdım və qəbul oldum. Deyərdim ki, təsadüf idi və sadəcə adı xoşuma gəlmişdi. Mənim mühəndislik sahəsində gəldiyim bu nöqtə demək olar ki, sadəcə təyyarə mühəndisliyi adını sevdiyim üçün olmuşdu.

Emil Quliyev: Artıq NASA-da fəaliyyətini dayandırmısan. Yenidən oraya qayıtmaq haqda düşünürsəmmi? Ümumiyyətlə gələcək planların nədən ibarətdir?

Teymur Sadıxov: Mənim üçün şirkətin adı çox önəmli deyil, orada işləyəcəyim iş və layihə çox önəmlidir. Eynilə mən universitet seçimimdə bu məntiqlə addım atmışdım. Bir çox ən məşhur ad, brend olan universitetlərə qəbul olsam da, öz istədiyim universitet və şəhərə getmişdim. Eynisini də hazırda edirəm. Məsəl üçün, Mercedes avtomobil sənayesində ən güclü şirkətlərdəndir və mən bu şirkətdə hazırda ən çox sevdiyim layihəni davam etdirmək istəyirəm. Hal-hazırda ən çox sevdiyim texnologiya sahəsi öz-özünə sürən maşınların idarə edilməsidir və mənim burada gördüyüm iş bütün proqramlaşmanın yazılması və şəhər mühitində onların sürülməsidir. Bu, hazırda robotiks sahəsində görülməli ən mühüm işlərdən biridir. NASA-ya qayıtmağa gəldikdə isə, dediyim kimi məsələn Los Ancelesdəki laboratoriya qrantlarla işləyir, əsasən fərqli-fərqli layihələr daxil olur. Layihədə qrant kəsildiyi və ya fikir dəyişdiyi zaman başqa layihəyə keçmək lazımdır. Hətta bu yaxınlarda onlar mənə başqa iş təklif etdi. Sadəcə onların təklif etdikləri kosmosla əlaqəli işlər idi. Mən onlara yenə də yox dedim. Çünki hazırda ən çox sevdiyim sahə öz-özünə idarə olunan avtomobillərdir.