Texas ştatında İslam Mərkəzində yanğın olub

ABŞ-ın Texas ştatında təhqiqatçılar bir hissəsi yararsız hala düşmüş İslam Mərkəzinin qəsdən, yoxsa təsadüf nəticəsində yandığını araşdırmağa çalışırlar.

Yanğın Hyuston şəhərində nəzdində məktəb və məscid olan Quba İslam İnstitutunda cümə günü səhər saatlarında başlayıb. Hadisə nəticəsində heç kəs xəsarət almayıb.

Mərkəzin Facebook səhifəsində açıqladığı bəyanatda yanğının təsadüf olub-olmamasına dair təhqiqat aparıldığı bildirilib.

"Aydınlaşdıraq: istintaq gedir," deyə insitut bildirib: "Xahiş edirik, nifrət yaymayıb; Məhəmməd peyğəmbər kimi sevgi, tolerantlıq, harmoniya və ədalət yayın".

Mərkəz bildirib ki, yanğın yenilənmə işləri məqsədi ilə kompyuter və başqa təchizatların yığıldığı anbarda baş verib.

Texasdakı bu hadisə ABŞ-da müsəlman icmalara qarşı hücumlarla bağlı araşdırmalar artdığı bir vaxta təsadüf edir.

Şimali Karolina polisi keçən həftə 3 nəfər gənc müsəlmanın həyatına son qoyan hücumu dini motivli olub-olmadığını araşdırır.