Texas hücumlarını törədən şəxs ölüb

Texasın Ostin şəhər polisinin bildirdiyinə görə, bomba paketləri hazırlamaqda şübhəli bilinən şəxs maşınındakı cihazı partladaraq özünü öldürüb.

Polis rəisi Brayan Manli müxbirlərə bildirib ki, 24 yaşlı həmin şəxs maşınını Ostin mehmanxanası yaxınlığında saxladıqdan sonra sürüb gedərək, qurğunu işə salıb.

Manli deyib ki, istintaq komandası həmin şəxsin martın 2-dən başlayaraq həyata keçirilən 5 hücumun arxasında durduğuna inanır.

Hücumların motivləri bəlli deyil.

​Texas ştatının San-Antonio şəhəri yaxınlığındakı FedEx şirkətində dünən gecə saatlarında paket bombasının partlamasından sonra bu hücumun Ostindəki partlayışlarla əlaqəli olduğu düşünülür.

Son partlayış zamanı bir nəfərin yaralandığı, federal agentlərin hadisə yerində araşdırma apardıqları deyilir.

Sonuncu paketin də dörd partlayışın baş verdiyi Ostin şəhərinə göndərildiyi bildirilir.

Birləşmiş Ştatlar təhqiqatçılarının dediyinə görə, bazar günü həyata keçirilən partlayış bundan əvvəlki üç partlayışla müqayisədə daha güclü olub.

Rəsmilər Ostindəki bomba partlayışı zamanı yaralananların hər ikisinin 20 yaşlarındakı gənclər olduğunu bildirib. Ostin polis idarəsinin rəisi Brayan Menli hər iki gəncin ağır yaralar aldığını, lakin hazırda vəziyyətlərinin sabit olduğunu deyib.

Təhqiqatçıların dediyinə görə, dünən partladılan qurğu ilə bundan əvvəl Ostində partladılan üç qurğu arasında bənzərliklər var. Əvvəlki partlayışlar nəticəsində iki nəfər ölüb, digər iki nəfər yaralanıb.