ABŞ-da qeyri-adi şaxtalı hava şəraiti hökm sürür, azı 30 nəfər ölüb

Şaxta və fırtınalı hava şəraiti ABŞ-da milyonlarla insanı təsirinə məruz qoyub. Ölkənin cənub bölgəsindəki Texas ştatının bir çox sakini günlərdir elektriksiz və susuz qalıb.

Texas qubernatoru Qreq Abot və ştatın elektrik enerjisinin böyük hissəsinə cavabdeh olan kooperativin rəhbəri çərşənbə günü elektrik enerjisinin bərpa edilməsi istiqamətində irəliləyiş olduğunu bildirib.

Texas əhalisinin dörddə biri, təxminən 7 milyon insana su sistemində baş verən qəzaya görə suyu içməzdən əvvəl qaynatmaq məsləhəti verilib.

İnfrastrukturdakı qəzalar səbəbindən Texasda günlərlə qaranlıqda və soyuqda qalan çox sayda insan hökuməti cavabdehliyə çağırıb.

Bölgədə qeyri-adi soyuqlar yaşanır. İlin bu vaxtı havanın temperaturu təxminən müsbət 16 dərəcə olan Dallas şəhərində çərşənbə günü temperatur mənfi 3 dərəcə olub.

Fırtına cümə axşamı şərqə doğru irəliləyib və bu səbəbdən Milli Hava Xidməti Texasdan Massaçusetsə qədər 2300 kilometrlik məsafə boyunca qar yağacağı və buz bağlayacağı barədə xəbərdarlıq edib.

Bu həftə ABŞ-da hava şəraiti səbəbindən azı 30 nəfər ölüb.