Teslanın yeni, daha ucuz modeli cümə günündən satışda olacaq

Elektriklə çalışan avtomobil istehsalçısı Tesla özünün səs-küylü Model 3 modelinin kütləvi satışının cümə günündən etibarən başlayacağını bildirir.

Şirkətin rəhbəri Elon Mask bu barədə öz Twitter hesabından məlumat verib.

Amerika bazarında Model 3-ün qiyməti 35,000 dollar olacaq. ABŞ hökümətinin elektriklə çalışan maşınlar üçün nəzərdə tutulan 7,500 dollar miqdarında vergi krediti ilə Model 3 alıcılarına 27,500 dollara başa gələcək. Bu model təxminən 350 km məsafəyə qədər fasiləsiz çalışa bilər. İdman maşını hesab edilən Model 3 sıfırdan saatda 100 km/saat sürəti altı saniyədə yığacaq.

Tesla-dan bildirilir ki, şirkətin Model 3-ün satışı ilə bağlı planı bu il ərzində həftədə 5,000 maşın, 2018-ci ildən isə həftədə 10,000 maşın olacaq.

Model 3-ü digərlərindən daha tez almaq istəyən müştərilər 1,000 dollar depozit ödəməli olublar. Amma, Maskın dediyinə görə, depozit ödəmiş alıcıların bəziləri maşınlarını 2018-ci ilə qədər əldə edə bilməyəklər. Belə ki, depozit ödəmiş insanların sayı təxminən 500,000 nəfərdir.