Oktyabrın 23-də Türkiyə Hava və Kosmos Sənayesi (TUSAŞ) şirkətinin Ankara yaxınlığındakı qərargahına ölümcül hücum həyata keçirilib. Türkiyə hökumətin verdiyi məlumata və media qurumlarının yayımladığı görüntülərə əsasən görə, bir neçə silahlı hücumçu atışma və güclü partlayış səsləri ilə binaya daxil olub.
Hökumətin verdiyi məlumata görə, hücum zamanı 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Daxili işlər naziri Əli Yerlikaya hücum edən iki şəxsin öldürüldüyünü, yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Yerlikaya əlavə edib ki, yaralılardan 3 nəfər artıq evə buraxılıb.
Televiziya yayımçıları daha əvvəl TUSAŞ binasına silahlı basqın edənlərin görüntülərini nümayiş etdirmişdilər.
Rusiyanın Kazan şəhərində keçirilən BRICS tədbirində Rusiya prezidenti Vladimir Putinlə birlikdə konfransda iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu hücumu terror aktı adlandırıb.
Partlayışın və sonradan açılan atəşin səbəbləri və səbəbkarları hələ də bəlli deyil. Heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Dövlət Anadolu Agentliyi xəbər verir ki, prokurorlar araşdırmaya başlayıb.
Şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, binanın içindəki işçilər səlahiyyətlilər tərəfindən sığınacaqlara aparılıb və heç kimə çıxmağa icazə verilməyib. Onlar bildiriblər ki, partlayışlar işçilər işdən çıxarkən baş vermiş ola bilər.
Dövlətə məxsus Anadolu Agentliyi hadisə yerinə fövqəladə xidmətlər göndərildiyini, televiziya görüntülərində isə zədələnmiş qapının və dayanacaqda atışmaların göründüyünü bildirib. Görüntülərdə hücum edənlərin binaya girərkən əllərində avtomat və kürək çantaları olduğu əks olunub.
NATO rəhbəri Mark Rutte Türkiyənin ən mühüm müdafiə və aviasiya şirkətlərindən biri olan TUSAŞ-ın qərargahına ölümcül hücum zamanı hərbi alyansın müttəfiqi Türkiyənin yanında olacağını deyib.
TUSAŞ Türkiyənin ən əhəmiyyətli müdafiə və aviasiya şirkətlərindən biridir. O, digər layihələrlə yanaşı ölkənin ilk milli döyüş təyyarəsi olan KAAN-ı istehsal edir və 10 000-dən çox əməkdaşı var.