Dekabrın 8-də "Tərtər işi" üzrə hazırda həbsdə olan 10 hərbiçinin ailə üzvlərinin iştirakı ilə İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi"nin ofisində mətbuat konfransı keçirilib.
Bu 10 hərbçi 11 ildən ömürlük həbsə qədər cəzalara məhkum ediliblər.
Hüquq müdafiəçiləri hüquq-mühafizə orqanlarını 10 şəxsin işinə yenidən baxmağa çağırıblar.
Your browser doesn’t support HTML5
Konfransda iştirak edən Bakı İnsan Hüquqları Klubunun rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, bu iş üzrə həbs edilən digər şəxslər kimi, onlar da fiziki və mənəvi işgəncələrə məruz qalıb.
"İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi"nin rəhbəri Fikrət Cəfərli qeyd edib ki, obyektiv istintaq aparılmadığını düşünmək üçün kifayət qədər əsaslar var:
"Artıq 50 nəfərə yaxın şəxs bəraət alıb, lakin işləri saxtalaşdıran bir müstəntiq belə cəzalandırılmayıb. Yeni istintaq müddətində bu şəxslər həbsdən azad edilməlidir. Qanunvericilikdə buna icazə verilir. Onlar prezident tərəfindən əfv oluna bilər, başqa mexanizmlər də var", deyə Fikrət Cəfərli bildirib.
Həbs edilənlərin valideynləri və qohumları təqsirsiz şəxslərin azad edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevə və digər aidiyyəti qurumlara müraciət ediblər.
Mətbuat konfransında həmçinin işgəncələrdə əli olan bütün yüksək vəzifəli hərbçilərin cəzalandırılması tələbi səslənib.
Xatırlatma
2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliynin birgə bəyanatında hərbçilər arasında bir qrup satqının ifşa edildiyi haqqında məlumat yayıb.
Kütləvi həbslər olub. Amma 2017-ci ilin may-iyun aylarında saxlanılanlara işgəncə verildiyini ictimaiyyət 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən az 9 nəfər işgəncələr nəticəsində ölüb. Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət araşdırmanı bərpa edib.
2022-ci ilin dekabrında “Tərtər işi” üzrə 19 müttəhim həbsdən azad edilib. Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.
İşgəncələr altında özünü təqsirli bilən bir neçə nəfər indiyədək həbsdədir. Bu cinayətlərə görə bir general da daxil olmaqla, bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib.