Tennessi ştatında iki hərbi bazada atışmada 4 dəniz piyadası öldürülüb

ABŞ-ın Tennessi ştatında yerləşən iki hərbi bazada baş vermis atışma zamanı hərbi dəniz qüvvələrinin dörd əsgəri öldürülüb.

Rəsmilər hər iki bazada atış açan silahlı şəxsin də öldüyünü bildirib. İnsident zamanı bir polis zabiti də daxil olmaqla bir neçə adam yaralanıb.

Hüquq-mühafizə orqanlarında mənbələrin verdiyi məlumata görə, atəş açan şəxs Məhəmməd Yusif Əbdüləzizdir. Onun kimliyi haqda heç bir məlumat yoxdur.

Rəsmilər bildirib ki, silahlı şəxs Çattanooqa ticarət mərkəzində beş hərbi obyektin yerləşdiyi çağırış mərkəzi yaxınlığında atəş açıb. Şahidlər atəş səslərinin eşidildiyini bildiriblər. Müdafiə nazirliyi Hərbi Dəniz qüvvələrinin korpusunun çağırış mərkəzində çalışan zabitin ayağından yaralandığını bildirib.

Bundan sonra silahlı şəxs maşını ticarət mərkəzinin 10 kilometrliyində yerləşən Hərbi Dəniz qüvvələrinin təchizat-əməliyyat mərkəzinə sürüb. Şahidlərin bildirdiyinə görə, o orada atəş açıb. Mərkəzdə dörd dəniz piyadası həlak olub. Atəş kəsiləndən sonra silahlı şəxs hadisə yerində ölü tapılıb.

Onun vurulub öldürüldüyü, yoxsa özünü öldürdüyü aydın deyil.

Tennessi ştatının baş prokutotu Bill Killian hadisənin ölkə daxilində terror aktı kimi qiymətləndirildiyini bildirib.