Tel Əviv sakini Amerikanın Səsinə İsraildəki vəziyyəti şərh edir

Lev Eppelbaum

Həmas militantları şənbə günü misli görünməmiş gözlənilməyən hücuma başlayaraq Qəzza zolağı yaxınlığındakı İsrail şəhərlərinə minlərlə raket atıb və onlarla döyüşçü göndərib. Nəticədə onlarla insan ölüb, ölkə şok vəziyyətə düşüb. İsrail indi Həmasla müharibədə olduğunu bildirib və Qəzzaya hava hücumları edərək, onların “indiyədək heç vaxt ödəmədiyi bədəl” ödəyəcəklərini deyib.

Tel Əviv sakini və Tel Əviv Universitetinin professoru Lev Eppelbaum Amerikanın Səsinə müsahibədə səhərdən bəri şəhərdə ən azından 20 hava hücumu ilə bağlı xəbərdarlıq sirenalarının eşildiyini bildirib. Onun sözlərinə görə, sirena səsləri eşidiləndə insanlar binaların dəhlizinə və yaxud bomba sığınacaqlarına qaçmalıdırlar.

"Amma bomba sığınacağı zirzəmidə yerləşdiyi üçün ora gedib çıxmaq çox vaxt aparır, ona görə də hamı adətən dəhlizə çıxır," o deyib.

Eppelbaum bildirib ki, insanlar arasında panika yoxdur, çünki israillilər havadan zərbələrə öyrəşiblər. Amma onun dediyinə görə, bu dəfəki vəziyyət daha fərqlidir.

"Biz bir növ buna öyrəşmişik və raketlərin çoxu adətən Dəmir Qübbə tərəfindən vurulurdu. Amma indi Həmas terrorçuları xaricdən hücum edib və dənizdən döyüşçülər gəlib. Onlar həm qurudan, həm havadan paraplanlarla, həm də dənizlə daxil olublar və böyük bir qrup girov götürülüb. Hazırda 35-ə yaxın girov olduğunu deyirlər. Bu, İsraildə heç vaxt olmamışdı," o deyib.

Onun sözlərinə görə tələfat sayı da əvvəlki ilə müqayisədə çoxdur.

“Eyni zamanda indi çoxlu sayda qurbanların olduğundan bəhs edirlər. 200-dən çox ölü, 1200-dən çox yaralı var. Bunlar İsrail üçün böyük rəqəmlərdir,” o deyib.

Eppelbaum insanların bütün bunlara son qoyulmasını istədiyini, hər kəsin dinc həyata qayıtmaq istədiyini bildirib, çünki onun sözlərinə görə, onlar davamlı olaraq hərbi və hava hücumu xəbərdarlıqlarına reaksiya verməyə məcburdurlar, davamlı olaraq gərginlik altındadırlar.

“Nəyinsə üzərində işləyəndə, işini atıb qaçmalı olursan. Bəzilərinin balaca uşaqları, digərlərinin yaşlı valideynləri var. Və bütün bunlar çətindir,” o deyib.

Ancaq o inanır ki, bu vəziyyətdə İsrail hər hansı sülh təklifi ilə çıxış etməməlidir.

“Aydındır ki, biz ağır itkilər verdik. Və biz bunu belə qoya bilmərik. Mən inanıram ki, hazırkı vəziyyətdə hər hansı sülh təklifi etmək mümkün deyil. Ən azından ona görə ki, hazırda 35 girov var. Bu, misli görünməmiş bir haldır. ”

İsrailin milli xilasetmə xidməti ən azı 70 nəfərin öldüyünü və yüzlərlə insanın yaralandığını, bunun İsraildə son illərdəki ən qanlı hücum olduğunu bildirib. Naməlum sayda İsrail əsgəri və mülki vətəndaşın da ələ keçirilərək Qəzzaya aparılıb ki, bu da İsrail üçün çox həssas bir məsələdir.

Fələstinin Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrailin cavab zərbələri nəticəsində Qəzza zolağında ən azı 198 nəfər həlak olub və ən azı 1610 nəfər yaralanıb.