Türkiyə prezidenti “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Yerli medianın məlumatına görə, Rəcəb Tayyib Ərdoğan mayın 26-dan 29-dək Azərbaycanda keçiriləcək "TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edəcək.

“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçiriləcək.

Festivalda Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank və “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar da iştirak edəcək.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn“ ofisi fəaliyyət göstərir.

Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və helikopterlərin sərgilənməsi nəzərdə tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar daxildir.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.