Qulu Məhərrəmli: Azərbaycanda ana dili ilə bağlı problem yoxdur [Video-müsahibə]

Your browser doesn’t support HTML5

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin Amerikanın Səsinə müsahibəsi

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibəsində ana dilinin işlənməsi və problemlərdən danışıb.

Amerikanın Səsi: Bu gün beynəlxalq Ana Dili günüdür. Azərbaycanda yaşayan xalqlar ana dilindən sərbəst istifadə edə bilirmi?

Əlbəttə, 1992-ci ildə prezident Əbülfəz Elçibəyin vaxtında milli azlıqların hüquqlarının, milli mədəniyyətlərinin, dillərinin inkişafı ilə bağlı qərar olmuşdu. O vaxt o, milli siyasətin çox doğru istiqamətlərindən biri idi.

Qulu Məhərrəmli: Azərbaycanda yaşayan azlıqlar ehtiyac duyduqları halda öz ana dillərindən sərbəst istifadə edirlər. Məsələn, ləzgilər, talışlar, tatlar və b. Yəni, bu dillərə əvvəla bir dövlət qayğısı var. O dillərdə təhsil almaq istəyənlər, ibtidai təhsili öz ana dillərində ala bilirlər. Öz əlifbaları var. O dillərdə kitablar buraxılır. Hətta, Xınalıq dili kitabını görəndə, mən xeyli sevindim. Yəni, bu çox məhdud sayda insanların yaşadığı bir kənddir, amma öz ana dillərində əlifba kitablarını buraxıblar. Əlbəttə, 1992-ci ildə prezident Əbülfəz Elçibəyin vaxtında milli azlıqların hüquqlarının, milli mədəniyyətlərinin, dillərinin inkişafı ilə bağlı qərar olmuşdu. O vaxt o, milli siyasətin çox doğru istiqamətlərindən biri idi. Mən elə bilirəm ki, bu dəqiqə o istiqamətdə Azərbaycanda elə bir ciddi problem yoxdur. Amma, məsələ necədir? Məsələn, siz talış dilində ibtidai sinifdə, dördüncü sinfə qədər təhsil alırsınız, ondan sonra təbii ki, türk dilində, rus dilində, bir başqa dildə, daha doğrusu dövlət dilində təhsil davam etdirilir. Mənə elə gəlir ki, Azərbaycanda yaşayan milli azlıqların dillə bağlı, ana dilləri ilə, mədəniyyətlərinin inkişafı ilə bağlı heç bir ciddi problemi yoxdur. Düzdür, arada qızışdırmaq istyəyənlər var, o xalqın milli heysiyyatı ilə oynamaq istəyənlər var. Amma, ədalət naminə demək lazımdır ki, onların dilləri ilə bağlı heç bir problem yoxdur.

Amerikanın Səsi: Dünyada yaşayan azərbaycanlıların ana dilindən istifadəsi sahəsində hansı problemlər mövcuddur? Problemlərin aradan qaldırılması üçün Azərbaycan hökuməti hansı işlər görür?

Dövlət dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı prezident sərəncamı var. Orada Xarici İşlər Nazirliyinə və Diaspora Komitəsinə xüsusi olaraq tapşırıq verilib ki, xaricdə yaşayan azərbaycanlıların ana dili dərslikləri ilə təmin edilməsi, ana dilinin tədrisi və öyrənilməsi ilə bağlı planlar reallaşdırsınlar. Təəssüf hissi ilə deməliyəm ki, dağınıq, pərakəndə məktəblər var, cəhdlər var.

Qulu Məhərrəmli: Sualınızı iki mərhələdə cavablandırmaq olar. Birinci odur ki, bəli, xaricdə yaşayan azərbaycanlıların ana dilindən istifadəsi ilə bağlı ciddi problemlər var. Nədir bu problemlər? Orada yaşayır, övlad dünyaya gətirir, bu övlad hansı dilə, hansı xalqa mənsubluğunu bilməlidir. O, ana dilində təhsil ala bilsə, heç olmasa ibtidai təhsilini bu dildə ala bilsə, çox gözəldir. Amma bunun üçün məktəblər, dərsiklər, ana dilində vəsaitlər yoxdur. Bununla bağlı problemlər var. Düzdür, “Bazar Günü” məktəbləri var. Məsələn, Rusiyada, Almaniyada, Hollandiyada bu cür məktəblər var. Səfirliklər bu istiqamətdə müəyyən işlər görməyə çalışırlar. Amma, mənə elə gəlir ki, bunlar müəyyən dərəcədə sistemsiz, heç bir vahid metodikası olmayan, yəni necə gəldi fəaliyyət göstərən qruplardır. Amma bu məktəblər yaxşı ki, var. İkinci məsələ ondan ibarətdir ki, dövlət, hökumət o yerlərdə azərbaycanlıların ana dilində təhsil almaları, yəni öz tələbatlarını ödəmələri üçün addımlar atmalıdır. Məsələn, dövlət dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı prezident sərəncamı var. Orada Xarici İşlər Nazirliyinə və Diaspora Komitəsinə xüsusi olaraq tapşırıq verilib ki, xaricdə yaşayan azərbaycanlıların ana dili dərslikləri ilə təmin edilməsi, ana dilinin tədrisi və öyrənilməsi ilə bağlı planlar reallaşdırsınlar. Təəssüf hissi ilə deməliyəm ki, dağınıq, pərakəndə məktəblər var, cəhdlər var. Amma bunların vahid bir metodikaya əsaslanan, elmi cəhətdən özünü doğruldan nə dərslikləri, nə təqvim planları var. Ayrı-ayrı cəhdlər var. Diaspora komitələri, bizim ayrı-ayrı vətənpərvər soydaşlarımız, Ukraynada, Rusiyada, Almaniyada, Hollandiyada, Kanadada, Amerikada cəhdlər edirlər. Amma mənə elə gəlir ki, dövlət Diaspora Komitəsi, Xarici İşlər Nazirliyi, səfirliklər, konsulluqlar vasitəsi ilə bu işə istiqamət verməlidir, kömək etməlidir, yardımçı olmalıdır. Bu həm dilin, həm mədəniyyətin təbliğində böyük rol oynaya bilər.

Amerikanın Səsi: Dünayda yaşayan azərbaycanlıların vahid Azərbaycan dili əlifbasından, qramatikasından istifadəsi sahəsində hansı işlər görülməlidir?

Mənə elə gəlir ki, cənubdakı insanların dillə, mədəniyyətlə bağlı problemlərini İran dövləti ilə çox rahat müzakirə etmək olar. Yəni, İran dövləti də bunu anlamalıdır, Azərbaycan dövləti də bunun İranın daxili işinə qarışmaq olmadığını izah etməlidir.

Qulu Məhərrəmli: Bu çox ciddi problemdir. Bu bir strateji problemdir. Mən bayaq danışanda xüsusi olaraq Gürcüstanda yaşayan soydaşlarımız, İran İslam Respublikasında- cənubda yaşayan soydaşlarımız haqqında demədim. Çünki bunların problemi bir az başqadır. Başqa dövlət ərazisində, yəni o ölkənin vətəndaşı olan soydaşlarımızdır. Amma bunların da dillə bağlı problemləri şübhəsiz həll olunmalıdır. Gürcüstanda bu barədə Azərbaycan və Gürcüstan dövlətlərinin qarşılıqlı təmasları nəticəsində müəyyən razılaşma olub. Onlar ibtidai təhsili Azərbaycan dilində ala bilirlər. Yəni, buradan Gürcüstana dərsliklər, əlavə vəsaitlər, oxu kitabları göndərilir. Yəni, onlar Azərbaycan dilini öz ruhlarına hopdura bilirlər. İranda vəziyyət bir az mürəkkəbdir. İranda uzun illər belə hesab olunurdu ki, burada yaşayan azərbaycanlılar dini baxımdan müsəlman olduqlarına görə, islam dininə mənsub olduqlarına görə onların konstitusiyası ilə bu əqəliyyət, yəni milli azlıq hesab olunmur. Amma xristian dininə mənsubsansa, bu azlıq hesab olunur. Məsələn, erməni millətinə mənsub etnik qruplar bu ölkədə öz dillərində rahat dərs alırlar. İndi Cənibi Azərbaycanda bu məsələ qismən həll olunur. Ana dilində kitablar çap olunur, qəzetlər çıxır, yerli radio verilişləri, Azərbaycan dilində televiziya proqramları açılır. Düzdür, burada dilə fars dilinin bir basqısı var. Onun intonasiyası, qrammatikası, cümlə quruluşu, bu dili demək olar ki, əzir. Mənə elə gəlir ki, cənubdakı insanların dillə, mədəniyyətlə bağlı problemlərini İran dövləti ilə çox rahat müzakirə etmək olar. Yəni, İran dövləti də bunu anlamalıdır, Azərbaycan dövləti də bunun İranın daxili işinə qarışmaq olmadığını izah etməlidir.

Amerikanın Səsi: Azərbaycan dilinin və əlifbasının virtual dərsliklərinin yaradılması ilə bağlı yeniliklər varmı?

Virtual dərsliklər, elektron dərsliklər, bunlar təkcə xaricdəkilər üçün yox, ölkə üçün də çox lazımdır. Azərbaycanda ona yaxın televiziya və radio kanalı fəaliyyət göstərir. Amma bunların heç birində “Azərbaycan dili”ni təbliğ edən veriliş yoxdur.

Qulu Məhərrəmli: Bu sahədə bir addım atılmalıdır ki, onun bir yeniliyi də olsun. Bu barədə söhbətlər var, danışılır. Amma çox təəssüf edirəm ki, konkret bir addım atılmır. Virtual dərsliklər, elektron dərsliklər, bunlar təkcə xaricdəkilər üçün yox, ölkə üçün də çox lazımdır. Azərbaycanda ona yaxın televiziya və radio kanalı fəaliyyət göstərir. Amma bunların heç birində “Azərbaycan dili”ni təbliğ edən veriliş yoxdur. İngilis, fransız dilini öyrədirlər, amma Azərbaycan dilini öyrədən verilişlər yoxdur. Əlbəttə, bu çox acınacaqlıdır. Hesab edirəm ki, dövlət sifarişi əsasında çox yüksək, peşəkar elektron dərsliklər hazırlanmalıdır. Ölkə içi üçün də, xaricdəki soydaşlarımız üçün də. Kiminsə orada məktəbi yoxdur. Amma bu dərsliklərin vasitəsi ilə ana dilini övladına öyrədə bilər. Hesab edirəm ki, bu çox yaxşı təşəbbüs olardı, çox yaxşı addım olardı. İnsanın öz soyunu, kökünü qavraması üçün bu çox vacib addım olardı. Dil millətin, xalqın ruhudur. Onun ruhunun ifadəçisidir. Biz o ruhu əldə edə bilməyəndə, dil bizim ruhumuzu ifadə edə bilmir. Ona görə hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Çoxlu elektron lüğətlər yaradılmalıdır. Məsələn, bizim bir azleks.az saytımız var. Mən ona rəhbərlik edirəm. “Altun kitab” nəşriyyatı bununla məşğuldur. Bunun rəhbəri Rafiq İsmayılov uzun illərdir Azərbaycan dilinin izahlı lüğətinin bazası əsasında həm terminoloji, həm iki dilli lüğətləri, həm etimioloji lüğətləri hazırlayıb həmin sayta qoyuruq. Özü də camaatın bundan pulsuz istifadəsi üçün şərait yaratmışıq. Mənim dediklərim də reklam deyil. Ona görə ki, biz oradan pul qazanmırıq. Sadəcə dilin, əlifbanın, qramatikanın təbliği üçün, insanların bunu öyrənməsi üçün bu işi görürük.