Tehranda türkcə kitab nəşriyyatının kitab mağazası qapadılıb

Tehranda fəaliyyət göstərən "Əndişe-i Nov" adlı türkcə kitab nəşriyyatının kitab mağazası qapadılıb

Tehranda fəaliyyət göstərən "Əndişe-i Nov" adlı türkcə kitab nəşriyyatının kitab mağazası qapadılıb.

Məhkəmə məmurları Əndişe-i Nov nəşriyyatının mağazasını qanuni çap olmuş bir neçə kitabın satması nədəniylə qapadıb, naşirə pul cəzası kəsiblər.

Nəşriyyatın sahibi cənab Yusuf Fərzanənin türkcə kitab sahəsində fəalliyyət göstərdiyi nəşriyyatının Tehrandaki mağazası bir ay müddətinə qapadılaraq, 3 milyon tümənlik pul cəzası tətbiq edilib.

Ənidişe-i Nov nəşriyyatının qapadılması nədəni ilə bağlı cənab Həsən Raşidi öz Facebook səhifəsində izahat verib. O bildirib ki, həmin nəşriyyatın mağazasının bağlanmasına dair məhkəmə qərarı 2018-ci il may ayının 22-də məhkəmə məmurlarının mağazaya müraciətindən sonra çıxarılıb.

Raşidinin verdiyi məlumata görə, kitab mağazası Dr. Zehtabi, Dr. Heyət və onun özünün (Həsən Raşidi) kitablarını satdığı üçün cəzalandırılıb.

"Aqayi Fərzanəyə deyiblər bundan sonra bu üç nəfərin kitablarını satmamalısan! Aqayi Fərzanə deyib ki bu kitablar İrşad İdarəsindən çap və satılmaq üçün icazə verilib. onlar isə deyiblər ki bu kitabların icazəsi olsa da sən satmamalısan!" - deyə Raşidi öz Facebook səhifəsində yazıb.

Həmin olaydan sonra məhkəmə 3 milyon tümən pul cəzası və mağazanın bir ay bağlanma hökmünü çıxarıb ki, daha öncə pul cəzası ödənsə də mağazanın bir ay müddətincə bağlı qalma hökmü yeni başladılıb.

Nəşriyyatın sahibi hər hansı bir qeyri-qanuni kitabın satılmasını rədd etsə də, türkcə kitab nəşriyyatının mağazasının möhürlənmə plakatında mağazanın qanunsuz kitab satma səbəbindən dolayı bağlanıldığı bildirilir.