Təqribən 2 həftə əvvəl Tehranda nəzarət altına alınan insan haqları vəkili Məhəmmədrza Fəqihi müvəqqəti azadlığa buraxılıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Avqustun 14-də bir neçə digər vəkil və mədəni fəalla birlikdə saxlanılan vəkil bazar günü mülki zəmanət qarşılığında azad edilib.
İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk fəallar daxil olmaqla, bir çox siyasi məhbusu İranın müxtəlif məhkəmələrdə müdafiə edib.
Təhlükəsizlik qüvvələri Fəqihi və 6 digər vəkil və mədəni fəalı 2 həftə əvvəl Vətəndaş Hüquqları Dərnəyinin ofisində toplandıqları zaman saxlamışdılar. Mətbuatda yayılan məlumata görə, bu fəallar COVID-19 vaksininin idxalına mane olan məsulları məhkəməyə vermək üçün şikayət mətni hazırlayırdılar.
SEE ALSO: Abbas Lisaninin vəkili Ərdəbildə həbs edilibİranın ali dini lideri Seyyid Əli Xameneyi keçən yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını açıqlayıb. Xameneyinin vaksinlə əlaqədar mövqeyi 8 ay sonra dəyişib. O, bir neçə həftə əvvəl əlaqədar qurumlardan koronavirus vaksinin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsini tələb edib.