Hüquq müdafiəçiləri iki türk fəalın Tehranın Nəsimşəhr (Əkbər Abad) bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığına dair məlumat yayıb.
Güney Azərbaycan Televiziyasının (Günaz TV) da yaydığı xəbərə görə, Saleh İkrami və Babək Rzayi iyul ayının 27-də nəzarət altına alınıblar.
“Təhlükəsiz qüvvələri 27 iyul günortadan sonra İkrami və Rzayinin iş yerinə gedərək məhkəmə orderi göstərmədən onları həbs edib. Məmurlar daha sonra bu iki fəalın evində axtarış aparıb, onların bəzi şəxsi əşyalarını müsadirə ediblər,” Günaz TV-nin saytında dərc edilib.
İki fəalın hazırda harada saxlanıldığına dair məlumat yayılmayıb.
Saleh İkrami 2019-cu ilin noyabr ayında da artan benzin qiymətinə qarşı baş qadlıran kütləvi etirazlar fonunda tutulub, bir müddət nəzarətdə saxlanılmışdı.
Hüquq müdafiəçiləri İkrami və Rzayinin ərəb icmasının başlatdığı su qıtlığına qarşı etiraz aksiyaları ilə əlaqədar saxlanıldıqlarını bildirir.
SEE ALSO: İran Azərbaycanında həbs olunan etirazçılardan yeni adlar məlum olubTəqribən 2 həftədir İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran kütləvi aksiyalarda bir çox etirazçının öldürüldüyü bildirilir. Türk fəallar keçən həftədən bəri İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini şənbə günü iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri şənbə günü Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri qapatmışdı. Təbrizdə baş tutan həmin etiraz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad ittihad” və “haray haray mən türkəm” kimi şüarlar səsləndiriblər.