İran Vyanada “tezliklə” nüvə danışıqlarının davam edəcəyini deyib

Bu həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində dünya gücləri ilə heç bir görüş olmayacağına baxmayaraq, İran 2015-ci il nüvə anlaşmasının tərəfləri ilə danışıqların bir neçə həftə sonra bərpa ediləcəyini deyir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadənin bəyanatı ABŞ Prezidenti Co Baydenin BMT Baş Assambleyası qarşısında etdiyi çıxışında Tehran da bunu edərsə, Vaşinqtonun nüvə anlaşmasına "tam olaraq" qayıdacağı və "İranı diplomatik yolla cəlb edəcəyi" ilə bağlı söz verdiyi zaman səslənib.

İRNA dövlət xəbər agentliyi Xatibzadəyə istinadən Vyana danışıqlarının "tezliklə və önümüzdəki bir neçə həftə ərzində davam edəcəyini" deyərək, "hər görüşün əvvəlcədən əlaqələndirilməsini və gündəmin hazırlanmasını tələb etdiyini" bildirib.

İran Vyanada dünya dövlətləri ilə 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən ləğv edilmiş nüvə anlaşmasını canlandırmaq məqsədilə altı mərhələdə danışıqlar aparıb. İyun ayında İranın sərtxətt tərəfdarı olan yeni prezidenti İbrahim Rəisi seçildikdən sonra danışıqlar dayandırılmışdı.

Tramp İrana qarşı sərt sanksiyalar tətbiq edərək Tehranı Müştərək Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan anlaşma üzrə öhdəliklərini tədricən pozmağa vadar etmişdi.

ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, İngiltərə və İran JCPOA-nın həqiqi tərəfləridir.

Avropa gücləri adından danışıqlara rəhbərlik edən Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Cosep Borrell sentyabrın 20-də İranın yeni həmkarı Hüseyn Əmir-Abdullahianla bu həftə BMT çərçivəsində görüşəcəyini bildirib.

"Seçkilərdən sonra yeni rəhbərlik danışıqları tam şəkildə qiymətləndirmək və bu çox həssas sənəd haqqında hər şeyi daha yaxşı başa düşmək üçün gecikmə istədi. Yay artıq keçdi və ümid edirik ki, danışıqlar tezliklə Vyanada davam etdirilə bilər" - deyə, Borrell qeyd edib.