Tehranda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd və lur kimi qeyri-fars dillərdən istifadə etmək yasaqdır. Tehran polisinin rəsmisi bu haqda yarı-rəsmi “Mehr” agentliyinə açıqlama verib.
Tehran polisinin ümumi məkanlara nəzarət bölməsinin (Əmakin) komandiri polkovnik Nadir Muradi deyib ki, Tehranda ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır.
“İş yerləri və ticarət obyektləri üçün istifadə edilən adlara nəzarət edən səlahiyyətli orqan İrşad və Mədəniyyət Nazirliyidir. Nazirliyin polisə göndərdiyi təlimata əsasən, ticarət obyektlərinin adı hökmən fars dilində olmalıdır,” polkovnik söyləyib.
SEE ALSO: İranda uşaqlarına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailələr etirazlarını sosial mediada paylaşırTehran Əmakin Polisinin komandiri deyib ki, “paytaxtda iş yerləri və ticarət obyektlərinin adı üçün türk, kürd və lur kimi məhəlli dillərdən istifadə etmək yasaq və qanuna ziddir. Polisə göndərilən təlimata görə, iş yerləri məhəlli dillərə mənsub adlardan sadəcə o dillə əlaqədar olan vilayət və ya şəhərdə istifadə edə bilərlər. Misal üçün türk adlarından sadəcə türklərin yaşadığı vilayətlərdə istifadə edilə bilər.”
İran dövlətinə bağlı “Ümumi Mədəniyyət Şurası”-nın göstəricilərinə görə Tehran vilayətində əhalinin 30 faizdən çoxunu türklər təşkil edir.
İran Azərbaycanı və Tehranda bəzi ailələr uşaqlarına seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalırlar.