Tehran vilayətinin Apellyasiya Məhkəməsi keçən dekabr ayında kassasiya şikayətinə baxdığı dörd türk dil haqları fəalı Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafinin hökmünü açıqlayıb.
Fəalların hər birinə qarşı 2 il həbs və əlavə olaraq 2 il sürgün cəzası çıxarıldığı bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Güney Azərbaycan Televiziyası (Günaz TV) bu haqda məlumat yayıb.
Məlumata əsasən, Tehran vilayəti apellyasiya məhkəməsinin 54-cü şöbəsində çıxarılan hökm haqda yanvarın 20-də türk fəalların vəkili Məhəmmədrza Fəqihiyə bildirilib.
Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.
2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi onlara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib.
İlkin məhkəmənin hökmünə görə, Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamağa, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi isə 10 il həbs və müvafiq olaraq İlam vilayətinin Dərrəşəhər, Xuzistan Vilayətinin Məscid Süleyman və Luristan vilayətinin Azna şəhərlərində 2 il sürgündə yaşamağa məhkum olunublar.
SEE ALSO: Əlirza Fərşi Tehranda həbs edilibHəbs və sürgünə məhkum olan fəallardan biri, Əlirza Fərşi yanvarın 8-də Tehranda iş yerində tutulduqdan bəri Tehranın Evin həbsxanasında nəzarət altında saxlanılır.