Tehran aksiyaları: 150 nəfərdən çox adam tutulub

Tehranda qarşıdurma

Bazarlarda tətil oktyabrın 4-də də davam edir
Oktyabrın 3-ü Tehranda hökumətə qarşı keçirilən aksiyalarda 150 nəfərdən çox aksiyaçı tutulub. “Media forum” saytının məlumatına görə, aksiyaya qatılan minlərlə vətəndaşın hökumət qüvvələri ilə qarşıdurmasında 150 nəfərdən çox aksiyaçı tutularaq bilinməz istiqamətə aparılıb.

Tehranın mərkəzi bazarındakı mağazalar, ticarət obyektləri rialın ABŞ dollarına nisbətən dəyərinin kəskin düşməsinə etiraz olaraq tətilə başlayıblar. Bazardan başlanan etirazlar tez bir zamanda böyüyərək şəhərin digər məntəqələrinə də yayılıb. Ölkənin qeyri-sabit iqtisadi durumuna, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən aksiyaçılarla hökumət qüvvələri toqquşub. Polis gözyaşardıcı qaz tətbiq edib.
Ölkənin Məşhəd və Əhvaz şəhərlərində də eyni aksiyaların keçirildiyi haqda məlumat yayılıb.

Tehranın mərkəzi bazarındakı mağazalar və ticarət obyektlərinin oktyabrın 3-də başlatdığı kütləvi tətil oktyabrın 4-də də davam edib.

Tətil nəticəsində paytaxtın böyük bir hissəsində alış-veriliş dayandırılıb. Şəhərin əsas küçə və meydanlarının silahlı polis və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürüldüyü bildirilir.

Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.