İran xəbər agentliklərinə istinadən, Şərqi Azərbaycan vilayətinin valisi Ruhani hökümətinin verdiyi sözlərin yerinə yetirilməsi istiqamətində Təbrizdə Türk Dili Qurumunun təsisi məsələsinin gündəmdə olduğunu və ekspertlərin bununla bağlı araşdırmalar apardığını dilə gətirib.
Yarı-rəsmi Mehr xəbər agentliyinə istinadən İsmayıl Cabbarzadə bunları söyləyib: “Hökümətin bu vilayətin əhalisinə vermiş olduğu sözlərdən biri Türk Dili Qurumunun təsisidir. Ekspertlər bununla bağlı araşdırmalar aparır və qurumun gerçəkləşməsini yaxında görəcəyik.”
Cabbarzadənin dediklərinə görə, “təsis ediləcək qurumun sadəcə dil deyil, bəlkə daha geniş bir çərçivədə və mədəniyyət sahəsində fəaliyyət göstərəcəyi ehtimalı da dəyərləndirilir.”
Prezident Həsən Ruhani 2013 iyun ayında keçirilən prezident seçkilərindən öncə Azərbaycan vilayətlərində yürütdüyü kampaniyalarda türk dilində təhsil haqqının verilməsi, türk dil qurumunun təsisi və Urmiyə gölündə ekoloji böhranını həll edəcəyinə dair vədlər vermişdi.
Yerli jurnalistlər və milli fəallar Həsən Ruhani hökümətinin verdiyi sözlərə əməl etmək yerinə sadəcə həmin vədləri təkrar etdiyini irəli sürürlər.